Dünya Bankı: Azərbaycanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına dəstək veriləcək

Dünya Bankı: Azərbaycanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına dəstək veriləcək
# 12 noyabr 2015 14:21 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Dünya Bankının su təchizatı və kanalizasiya layihələri üzrə aparıcı mütəxəssisi Fransis Braunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

“Azərsu” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, nümayəndə heyəti ilə keçirilən görüşdə “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Azərbaycan hökuməti ilə Dünya Bankı arasında əməkdaşlığın böyük tarixi olduğunu xatırladaraq bankın ölkəmizdə həyata keçirilən sosial və infrastruktur layihələrində yaxından iştirakını yüksək qiymətləndirib.

Q.Hüseynov Dünya Bankı ilə birgə maliyyələşdirilən “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində Şamaxı, Qəbələ, Sabirabad və Saatlı şəhərlərində içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin uğurla davam etdiyini, artıq bu şəhərlərdə əhalinin layihələrdən faydalandığını diqqətə çatdırıb.

Azərbaycana ilk dəfə səfər etdiyini vurğulayan F.Braun bildirib ki, Azərbaycanda içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması sahəsində böyük işlər görülür. O, hər 4 şəhərdə işlərin gedişindən razı qaldıqlarını və Dünya Bankının bundan sonra da Azərbaycanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına dəstək verəcəyini diqqətə çatdırıb.

Görüşdə Azərbaycan hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində görülmüş işlər və gələcək əməkdaşlıq məsələləri ətrafında geniş müzakirələr aparılıb.

Q.Hüseynov yeni Təlim-Tədris Mərkəzinin inşa olunduğunu və artıq fəaliyyətə başladığını da bildirib: “Dünya Bankının Bakı ofisinin rəhbəri də daxil olmaqla əməkdaşlıq etdiyimiz beynəlxalq maliyyə institutlarının nümayəndələri mərkəzlə tanış olublar. Ən müasir standartlara uyğun qurulmuş mərkəzdə regional təlimlərin keçirilməsi üçün hər cür şərait yaradılıb və Dünya Bankının regional təlimlərinin Bakıda keçirilməsinə hazırıq”.

Günün II yarısında F.Braunun rəhbərlik etdiyi nümayəndə heyəti Təlim Tədris Mərkəzində olublar. Səfər müddətində nümayəndə heyəti Şamaxı və Qəbələ şəhərlərində həyata keçirilən layihələrin icrası ilə də tanış olacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR