“DəmirBank” kredit məbləğinin 10%-ni geri ödəyir

“DəmirBank” kredit məbləğinin 10%-ni geri ödəyir
# 06 may 2015 10:06 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Energocredit” layihəsi çərçivəsində “DəmirBank” elektrik enerjisinə qənaətli texniki və məişət avadanlıqları alan müştərilərə həmin avadanlıqları almaq üçün kredit verməklə yanaşı, kredit məbləğinin 10%-ni nağd şəkildə müştərinin özünə geri ödəyir.

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, enerjiyə qənaət edən soyuducular, paltaryuyan maşınlar, kondisioner sistemləri almaq istəyən istər fiziki şəxslər, istərsə də sahibkarlar və hüquqi şəxslər maliyyələşdirmə üçün “DəmirBank”ın istənilən filialına müraciət edə bilərlər. Bununla yanaşı, müştərilər enerjiyə qənaət edən məhsulların qənaət imkanlarının dəyərləndirilməsində pulsuz texniki dəstəkdən yararlanmaq imkanı da verilir.

“Energocredit” layihəsi “Avropa Yenidənqurma və İnkişaf Bankı” (AYİB) tərəfindən hazırlanıb və onlar tərəfindən dəstəklənir. Eyni zamanda layihə Avropa Birliyi Qonşuluq İnvestisiya Mexanizmi, AYİB Səhmdarlarının Xüsusi fondu və Avstriya Maliyyə Nazirliyi tərəfindən dəstəklənir.

Qeyd edək ki, “DəmirBank” “Energocredit” layihəsinə ötən ilin sentyabr ayından qoşulub. AYİB layihəni gerçəkləşdirmək üçün “DəmirBank”a 5 mln. dollar ayırıb.

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

“DəmirBank”, həmçinin, “Fitch Ratings” beynəlxalq qiymətləndirmə agentliyinin “stabil”, “Planet Rating” agentliyinin isə “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR