Bakıda “Azərbaycanda davamlı tikinti və eko-innovasiyalar üzrə I beynəlxalq konfrans” keçirilir

Bakıda “Azərbaycanda davamlı tikinti və eko-innovasiyalar üzrə I beynəlxalq konfrans” keçirilir
# 25 sentyabr 2014 07:45 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Bakıda “Azərbaycanda davamlı tikinti və eko-innovasiyalar üzrə I beynəlxalq konfrans” keçirilib.

APA-Economics”in məlumatına görə, konfransın təşkilatçıları Azərbaycan Diplomatik Akademiyası, Beynəlxalq əlaqələr üzrə Moskva Dövlət Universiteti, Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutudur.

Tədbirin əsas məqsədi enerji resurslarının istismarının, ənənəvi olmayan, bərpa edilən və təkrar enerji resurslarının istifadəsinin azaldılmasına, qənaətliliyinə diqqət yönəltmək, binaların tikintisi və istismarı prosesində insanın rahat yaşamaq mühitinin və arxitektor, konstruktor, mühəndis qərarlarının adekvat iqtisadi rentabelliyini təmin edilməsi zamanı ətraf mühitin zərərli təsirlərinin aşağı salınması istiqamətində beynəlxalq təcrübə barədə məlumatları ictimaiyyətə çatdırmaq və daşınmaz əmlak obyektlərinin ekoloji cəhətdən sertifikatlaşdırılmasını təbliğ etməkdir.


Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev çıxışında bildirib ki, ABŞ-ın Yel və Kolumbiya universitetləri tərəfindən 2012-ci ilin yanvar ayında hazırlanmış Beynəlxalq Ekoloji Fəaliyyətin Nəticələrinin İndeksinə (Environmental Performance İndex) əsasən Azərbaycanın ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması sahəsində son 10 ildə gördüyü işlərə görə 132 ölkə arasında 2-ci yerdə qərarlaşıb. O, bu sahədə son zamanlar ölkəmizdə aparılan islahatları vurğulayıb.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun direktoru Sabiq Abdullayev bildirib ki, dünyada yaşıl standart, enerji səmərəliyini özündə əks etdirən normativ sənədlər geniş vüsət almaqdadır.

Onun sözlərinə görə, 2014-cü ilin əvvəlində mövcud beynəlxalq təcrübəni öyrənərək, tikinti obyektlərinə uyğunluğun qiymətləndirilməsi tədbirləri ilə bağlı müvafiq standartlar hazırlanıb və bu ilin mart ayında dövlət standartı kimi qəbul edilib: “Bu standartın əsas məqsədi, müxtəlif tikinti layihələrində və müxtəlif tikinti mərhələlərində qoyulan ekoloji tələblərin müəyyən edilməsi və qoyulan tələblərə uyğun olaraq, həmin binaların qiymətləndirilməsindən ibarətdir”.

S. Abdullayev əlavə edib ki, belə konfransların keçirilməsində əsas məqsəd tikinti şirkətlərinə, hökumət və qeyri-hökumət təşkilatlarına bu sahədə mövcud olan qabaqcıl beynəlxalq təcrübənin öyrətmək və bu haqda məlumat verməkdir.

Konfransda bir sıra xarici şirkətlər və ADA Universiteti özlərinin ekoloji təcrübələri və ekoloji problemlərin həlli ilə bağlı təqdimatlarla çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR