Milli Fəaliyyət Proqramı üzrə yekun ictimai dinləmə keçirilib

Milli Fəaliyyət Proqramı üzrə yekun ictimai dinləmə keçirilib
# 22 iyul 2016 09:12 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Bu gün Bakıda Azərbaycan prezidentinin sərəncamı ilə təsdiq edilmiş Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı (MFP) üzrə yekun ictimai dinləmə keçirilib. APA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə açan Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova bildirib ki, indiyədək ictimai dinləmələr 59 rayonda keçirilib, bu gün ictimai dinləmələr yekunlaşır.

E. Süleymanova qeyd edib ki, ictimai dinləmələrin keçirildiyi hər bir rayonda fəallıq nümayiş etdirilib: “Qeyd edim ki, Milli Fəaliyyət Proqramı 6 fəsildən ibarətdir. Digər tərəfdən maarifləndirici keçirilməsinə baxmayaraq qadınlarla bağlı bir sıra problemlər qalmaqdadır. Əmək bazarında qadınların rəqabətini artırmaq məsələsi Milli Fəaliyyət Proqramında öz əksini tapıb”.

E. Süleymanova qeyd edib ki, neqativ halların qarşısının alınması baxımından ASAN Xidmət mərkəzləri uğurlu fəaliyyət göstərir: “Əhali arasında bu xidmət yüksək qiymətləndirilir. Bununla yanaşı dövlət qurumlarının “Qaynar xətt”i də fəaliyyət göstərir ki, bu da çox müsbət amildir”.

Ombudsman MFP-nin əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi, o cümlədən yeni istiqamətlər və tədbirlər müəyyən etdiyini, sənədin fəsilləri üzrə müvafiq bəndlərinin yerli və mərkəzi icra hakimiyyəti orqanları üçün vəzifələr müəyyənləşdirdiyini də qeyd edib. O insan hüquqlarının, o cümlədən qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsinin prioritet istiqamətləri barədə ətraflı məlumat verib.

Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bu gün Azərbaycanda Milli Mətbuat gününün qeyd olunduğunu, bu günün həm də Azərbaycan xalqının bayramı olduğunu vurğulayıb: “Böyük maarifpərvər Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti xalqımızın yığılıb qalmış problemlərinin həllini maarifçilikdə görürdü. Həsən bəy Zərdabi maarifçilik ideyasını əsas götürərək dini xurafata qarşı ciddi mübarizə aparırdı. “Əkinçi” Azərbaycan xalqına onun milli şüuru haqda məlumat verdi. Sovet dövründə də Azərbaycan mətbuatı Azərbaycan dilinin saflığının qorunmasında, milli-mənəvi dəyərlərinin möhkəmlənməsində müstəsna xidmətlər göstərdi. Azərbaycan mətbuatı əsrin sonunda milli azadlıq hərəkatı başlar-başlamaz xalqımızı düzgün istiqamətə yönəltdi”.

Ə. Amaşov Azərbaycanda mətbuata dövlət dəstəyi haqda da tədbir iştirakçılarına məlumat verib.

Tədbir müzakirələrlə davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR