Tuyqun Nadirov: “Azərbaycanda heç bir klub deyə bilməz ki, qazancım xərcimdən çoxdu”

Tuyqun Nadirov: “Azərbaycanda heç bir klub deyə bilməz ki, qazancım xərcimdən çoxdu”
# 02 dekabr 2014 12:38 (UTC +04:00)

Bakı – APA. “Klublar Komitəsinin yaradılması ilə bağlı qərarı AFFA qəbul edib. “Xəzər Lənkəran” olaraq, buna normal yanaşırıq. Klublar nə qədər tez-tez bir araya gəlib, problemlərini müzakirə etsələr, bir o qədər yaxşıdı”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov bildirib.

Klub rəsmisi əlavə edib ki, yeni yaradılan komitə klublarla PFL-nin münasibətini korlamayacaq: “Bu komitə PFL ilə klublar arasında ziddiyyət yaratmır. Hamı federasiyaya tabedi. Belə bir situasiyada Klublar Komitəsinin yaradılması düzgün addımdı. Yenə deyirəm, klubların tez-tez bir araya gəlməsi futbolumuzun xeyrinədi”.

Nadirov çempionatın yayım hüququnun PFL-dən alınacağı ilə bağlı gəzən məlumata da toxunub: “Azərbaycanda çox vaxt klublar öz hüquqlarını federasiyaya və ya PFL-ə həvalə edirlər. “Xəzər Lənkəran” isə bu vaxta qədər hüquqlarını heç kimə verməyib. Qaldı ki yayım məsələsinə, yayım futbol klubunun məhsullarından biridi, bunu heç kim ala bilməz. Klub gəlirinin müəyyən hissəsini bundan qazanır. Yəni yayım klubların qazanc yerlərindən biridi. Düzdü, Azərbaycanda heç bir klub deyə bilməz ki, qazancım xərcimdən çoxdu. İstənilən halda, bu məsələyə diqqətlə yanaşmaq lazımdı. Klublar Komitəsində bu məsələ birdəfəlik həll olunmalıdı”.

Vitse-prezident söhbət əsnasında “Xəzər Lənkəran”ın qış toplanışı haqda qısa fikir bildirib: “Baş məşqçinin hazırlıq planı hələlik bəlli deyil. Toplanışı məhz plana əsasən, həyata keçirəcəyik. Təbii ki, “Xəzər Lənkəran” qış hazırlıq planını ölkə xaricində keçəcək. Ancaq hazırlığın hansı tarixlərdə baş tutacağı hələ dəqiqləşməyib”.

Tuyqun bəy klubla müqaviləsi yanvarda başa çatacaq futbolçuların taleyinin də hələlik dəqiqləşmədiyini vurğulayıb: “Bizdə yanvarda sözləşməsi bitəcək futbolçular azdı. Demək olar 1-2 nəfərdi. Onların komandada qalıb-qalmayacağı bu ay ərzində müəyyənləşəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR