Sabah hakimliyə qəbul üçün test imtahanı keçiriləcək

Sabah hakimliyə qəbul üçün test imtahanı keçiriləcək
# 08 iyun 2016 13:55 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə Hakimlərin Seçki Komitəsi tərəfindən hakimliyə qəbul üçün test imtahanı keçiriləcək. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, hakimliyə namizədlərlə test imtahanı iyunun 9-da vahid auditoriyada – Bakı Kristal Zalının Mətbuat Mərkəzində keçiriləcək.

İmtahanda 806 namizədin iştirakı nəzərdə tutulur. İmtahana gələrkən namizədlər “İmtahana buraxılış vərəqəsi”ni və şəxsiyyət vəsiqəsini mütləq təqdim etməlidirlər. Test tapşırıqları bilavasitə imtahan keçirilən zalda müşahidəçilərin, mətbuat nümayəndələrinin, namizədlərin iştirakı ilə təsadüfi yolla - lototron vasitəsilə Hakimlərin Seçki Komitəsi tərəfindən hazırlanmış test sualları bankından seçiləcək və yerindəcə namizədlərin sayına uyğun çoxaldılacaq. Sual kitabçası 100 test tapşırığından ibarətdir və onların cavablandırılmasına 4 saat vaxt ayrılır. Hər bir imtahan sualı 1 balla qiymətləndirilir. Səhv cavabların sayı düzgün cavabların nəticəsinə təsir göstərmir. Cavab kartlarının emalı imtahan başa çatdıqdan dərhal sonra imtahan zalında həyata keçirilir və nəticələr elan edilir. 60 və daha çox bal toplamış namizədlər imtahanın növbəti mərhələsinə buraxılırlar.

Müvəffəqiyyət əldə etmiş namizədlər imtahanının sonrakı mərhələsində təqdim olunmuş mövzular əsasında yazı işi yerinə yetirməlidirlər. Daha sonra namizədlərlə şifahi müsahibə həyata keçirilir və tələb olunan şərtləri ödəmiş namizədlər tədris kurslarına göndərilir. Yekunda yenidən müsahibə olur və Hakimlərin Seçki Komitəsinin rəyinə əsaslanaraq Məhkəmə-Hüquq Şurası namizədləri vakant hakim vəzifələrinə təyin olunmaları məqsədilə prezidentə təqdim edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR