Səhiyyə Nazirliyi: Bakıdakı yanğında 14 nəfər ölüb, 50 nəfər xəsarət alıb

Səhiyyə Nazirliyi: Bakıdakı yanğında 14 nəfər ölüb, 50 nəfər xəsarət alıb
# 19 may 2015 14:34 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Səhiyyə Nazirliyi Bakıda baş verən yanğın hadisəsi ilə bağlı növbəti rəsmi məlumat yayıb.

APA-nın Səhiyyə Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, məlumatda bildirilir ki, Bakı şəhərinin Binəqədi rayonunda, Azadlıq 170 ünvanındakı yaşayış binasında baş vermiş yanğınla əlaqədar 50 nəfər yaralı təcili tibbi yardım maşınları ilə müxtəlif xəstəxanalara yerləşdirilib:

"Əvvəlcədən yaralıların qəbulu üçün tam hazır vəziyyətdə olan xəstəxanalarda yaralılara ən yüksək səviyyədə bütün lazımi tibbi yardım göstərilir. Ümumilikdə xəsarət alanların sayı 50 nəfərdir. Aldıqları müxtəlif bədən xəsarətlərindən 14 nəfər dünyasını dəyişib. Yaralıların əksəriyyəti toksiki zəhərlənmə diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə, qalan hissəsi Elmi Təhqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 6 saylı Bakı Şəhər Xəstəxanasına və Yanıq Mərkəzinə yerləşdirilib. 10 nəfərə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən yerindəcə yardım göstərilib. Hazırda Səhiyyə Nazirliyinin müavinləri xəstəxanalardadırlar, yaralıların vəziyyəti ilə şəxsən tanış olurlar və lazımi göstərişlər verirlər. Yanğın başlanan andan etibarən hadisə yerində çalışan 30 təcili və təxirəsalınmaz tibbi yardım briqadası artıq qayıtmaq üzrədir, lakin 3 briqadamız hazır vəziyyətdə hadisə yerində qalır. Xəstəxanalarda olan yaralıların həyati təhlükəsi yoxdur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR