Azərbaycanda Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının Baş Assambleyası keçiriləcək

Azərbaycanda Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının Baş Assambleyası keçiriləcək
# 04 oktyabr 2017 16:10 (UTC +04:00)

Yunanıstanın Loutraki şəhərində Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının (ATTŞA) növbəti Baş Assambleyası keçirilir. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, iclasda Mədəniyyət və Turizm Nazirliyinin aparıcı məsləhətçisi Günel Aslanova iştirak edir.

Tədbiri açıq elan edən Loutraki şəhərinin meri Georgius Gkionis, Yunanıstanın Bələdiyyələr Birliyinin Prezidenti Georgius Patoulis çıxış edərək bildiriblər ki, bu kimi tədbirlər üzv ölkələrin sağlamlıq və termal imkanlarının təbliğatı üçün mühüm əhəmiyyət kəsb edir. Assambleya çərçivəsində Türkiyənin Pamukkale, Rusiyanın Kislovodsk, İspaniyanın Mondariz Balneario, Gürcüstanın İmereti şəhərinin təqdimatları keçirilib və səsvermə nəticəsində Assosiasiyaya üzv seçiliblər.

Daha sonra Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Günel Aslanova tərəfindən Azərbaycanın Qalaaltı regionunun geniş təqdimatı keçirilib, sağlamlıq və termal imkanları haqqında məlumat verilib, növbəti ildə üzv ölkələr Azərbaycana dəvət edilib. ATTŞA-nın prezidenti Guiseppa Bellandi 2018-ci ilin may ayında ilk Baş Assambleyasının Azərbaycanda Qalaaltı regionunda keçiriləcəyini bildirib, göstərilən yüksək dəstəyə görə Mədəniyyət və Turizm Nazirliyinə təşəkkür edib.

Qeyd edək ki, ATTŞA-ya 15 ölkədən 42 üzv daxildir. Assosiasiya “Tarixi Termal Şəhərlər Birliyi” yaradaraq onların dünyada tanıdılması və yeni termal imkanların araşdırılması istiqamətində fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR