Fikrət Qocanın oğlunun qətlində təqsirləndirilən şəxslər son söz üçün məhkəmədən vaxt istəyiblər

Fikrət Qocanın oğlunun qətlində təqsirləndirilən şəxslər son söz üçün məhkəmədən vaxt istəyiblər
# 30 noyabr 2017 14:25 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində xalq şairi Fikrət Qocanın oğlunun qətlində təqsirləndirilən Elnur Nəhmədov, onun xuliqanlıqda təqsirləndirilən tanışları - Ruslan Məmmədov və Pərviz Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam edib.

APA-nın məlumatına görə, hakim Novruz Kərimovun sədrlik etdiyi iclasda Elnur Nəhmədovun vəkili müdafiə nitqi ilə çıxış edib.

Vəkil bildirib ki, hadisə qəsdən baş verməyib, E. Nəhmədov hadisədən sonra həkim çağırıb. O, E. Nəhmədovun ittiham olunduğu maddənin daha az cəza nəzərdə tutan maddəyə tövsif edilməsini istəyib.

Təqsirləndirilən şəxslər isə son sözə hazırlaşmaq üçün məhkəmədən vaxt istəyiblər.

Proses noyabrın 8-də davam edəcək.

Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən Elnur Nəhmədovun 19, Ruslan Məmmədov və Pərviz Hüseynovun hər birinin 4 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.

Yalçın Qocayevin oğlu Əli Qocayev isə prokurorun çıxışına münasibət bildirən zaman şikayətçi olmadığını deyib.

Qeyd edək ki, bu il martın 11-də saat 2 radələrində Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayon şöbəsinin inzibati binasında oranın üzvü, Bakı şəhər sakini Yalçın Qocayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirilib. 1963-cü il təvəllüdlü Y.Qocayev hadisə yerində ölüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq tədbirləri nəticəsində Y.Qocayevin tanışları - Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov, Bakı şəhər sakini Pərviz Hüseynovla aralarında baş verən mübahisə zəminində E.Nəhmədov tərəfindən döyülərək öldürülməsi müəyyən edilib.

Görülmüş tədbirlərlə hər üç şəxs tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR