USAID Xaçmazda su təminatı layihələrini başa çatdırıb

USAID Xaçmazda su təminatı layihələrini başa çatdırıb
# 01 mart 2019 12:22 (UTC +04:00)

Bu gün Xaçmaz rayonunun Xaspoladoba, Arzu və Sərkərli kəndlərində yeni suvarma və iki su təminatı layihələrinin açılışı keçirilib. ONA-nın şimal bürosu xəbər verir ki, həmin layihələr ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Azərbaycanın hökuməti və yerli icmalar arasında əməkdaşlıq çərçivəsində inşa edilib.

Açılışda USAID-in Bakı ofisinin, İqtisadiyyat Nazirliyinin, Xaçmaz rayon İcra Hakimiyyətinin və yerli bələdiyyə nümayəndələri iştirak edib.

Qeyd olunub ki, Xaspoladoba kəndində qazılmış iki yeni artezian quyusu su çatışmazlığı səbəbindən məhsuldarlığı aşağı düşən ətrafdakı fındıq və meyvə bağlarının suvarma suyu ilə təminatını yaxşılaşdıracaq. Daha yaxşı məhsuldarlıq yerli fermerlərin gəlirlərinin artmasına səbəb olacaq. Xaspoladoba kəndindəki layihə USAID-in Sosial-İqtisadi İnkişaf Layihəsi (SEDA) və Azərbaycanda Kənd Təsərrüfatına Dəstək Layihəsi çərçivəsində həyata keçirilib.

Arzu və Sərkərli kəndlərində müvafiq olaraq 60 və 25 tonluq yeni su çənləri, habelə iki kənddə toplam 8 kilometrə yaxın yeni su boruları quraşdırılıb. Yeni su sistemləri 2400 sakini gündəlik istifadə üçün su ilə təmin edəcək. Həmin layihələr USAID-in SEDA adlı layihəsi çərçivəsində həyata keçirilib.

Vəli Turan

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR