Bakı-Dubay aviareysi üzrə səhər saatlarında havaya qalxan və texniki səbəblərə görə hava limanına geri qayıdan təyyarə dəyişdirilərək Dubaya yola salınıb.
Bu barədə “APA-Economics”ə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.
Hava limanından verilən məlumata görə, Bakıdan Dubay istiqamətində havaya qalxan “Boeing-767” təyyarəsində texniki nasazlıq aşkarlandığından təyyarə kapitanı geri qayıtmaq qərarı verib: “Avialayner “Boeing 757”yə dəyişdirilib və təyyarə saat 13:37-də Dubay istiqamətində havaya qalxıb. Bakıdan Dubaya uçuş 2 saat 20 dəqiqə təşkil edir”.
11:10
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakıdan Dubaya yerli vaxtla saat 10:12-də yola düşən J2-011 nömrəli reysində hava gəmisinin kapitanı geri qayıtmaq qərarı verib və Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş üçün icazə istəyib.
“APA-Economics”in AZAL-a istinadən verdiyi məlumata görə, planlaşdırılmamış eniş texniki səbəblər üzündən baş verib.
Təyyarə Bakı vaxtı ilə saat 10:44-də Bakının aeroportunda uğurlu eniş həyata keçirib.