İki milyon manatı mənimsəməkdə təqsirləndirilən “Bakı Lift-2”-nin sabiq rəisi özünü təqsirli bilmir

İki milyon manatı mənimsəməkdə təqsirləndirilən “Bakı Lift-2”-nin sabiq rəisi özünü təqsirli bilmir
# 11 dekabr 2019 17:29 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə ittiham olunan “Bakı Lift-2” İstehsalat Birliyinin (İB) sabiq rəisi Ruslan Dilanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan olunub.

Prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, binalarda 71 ədəd liftin yenidən quraşdırılması və əsaslı təmiri üçün vəsait ayrılıb. R. Dilanov ayrılan vəsaitin təxminən 1 milyon 835 min manatı mənimsənilib. Həmçinin qeyd olunub ki, dövlətin vəsaiti ilə alınan 426 min manatlıq material-avadanlıqlar təyinatı üzrə istifadə olunmayıb, ticarətlə məşğul olan şəxslərə satılıb. Amma saxta sənədlər tərtib edilərək həmin materialların istifadə olunduğu rəsmiləşdirilib.

R. Dilanov özünü təqsirli bilməyib, indiki mərhələdə ifadə vermək istəməyib.

Məhkəmə prosesi dekabrın 18-ə təyin edilib.

Qeyd edək ki, R. Dilanova qarşı Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israfetmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

İş üzrə zərərçəkmiş qismində “Bakı Lift-2” İstehsalat Birliyi tanınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR