AzMİU-nun nəzəri və inşaat mexanikası kafedrasının müəllimi, riyaziyyat üzrə elmlər doktoru, professor Ramiz İsgəndərovun “Möhkəmləndirilmiş və zədəli konstruksiyaların mühitdə dayanıqlığı” adlı monoqrafiyası işıq üzü görüb.
AzMİU-dan APA-ya bildirilib ki, kitab Almaniyada, LAP LAMBERT Academic Publishinq nəşriyyatında çap olunub. Monoqrafiya AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun rəyi əsasında təsdiqlənib.
Əsərdə müəllif özlü-elastiki mühitdə olan möhkəmləndirilmiş konstruksiya elementlərinin zədələnməsi nəzərə alınmaqla dayanıqlığının dinamik hesablanması üçün yeni fiziki və riyazi model işləyib hazırlayıb. Bu model xarici mühit xarakteristikalarının xüsusiyyətlərini - reologiyanı, tezlikdən asılılığı və s. nəzərə alır. Monoqrafiya dayanıqlıq və rəqslər məsələsi ilə məşğul olan mühəndis-mexaniklər, doktorantlar, universitetlərin mexanika-riyaziyyat fakültələrinin müəllim və tələbələri, həmçinin ali texniki məktəblərin əməkdaşları üçün əhəmiyyətli bir mənbə ola bilər.