İkiqat Avropa çempionu məhkəmədə özünü təqsirli bilməyib

İkiqat Avropa çempionu məhkəmədə özünü təqsirli bilməyib
# 27 mart 2017 12:57 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən Renad Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

APA-nın xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

R. Əliyev elan olunan ittiham üzrə özünü təqsirli bilmədiyini deyib. O, sərbəst şəkildə ifadə verərək, öncə özü haqqında danışıb, idmançı olduğunu deyib. O, ötən il sentyabrın 20-də dostları ilə kafedən çıxarkən saxlanıldığını bildirib: "Kafedən çıxanda 3 nəfər mənə yaxınlaşdı və avtomobilə əyləşdirərək, Bakı Şəhər Baş Polis İdarəsinə apardı. Məndə narkotik olduğunu dedilər. Mən də inkar etdim".

R. Əliyev günahsız olduğunu söyləyib.

Hakim isə R. Əliyevin ibtidai istintaqa verdiyi ilkin ifadəsində cinayətini etiraf etdiyini xatırladıb və bunun məhkəmədəki ifadə ilə ziddiyyət təşkil etdiyini deyib.

Proses aprelin 4-də davam etdiriləcək.

Qeyd edək ki, Renad Əliyev karatenin şotokan və vado ryu növləri üzrə ikiqat Avropa Çempionu, beynəlxalq dərəcəli hakim, Ümumdünya Şotokan Karate Federasiyasının Azərbaycandakı nümayəndəsidir.

Renad Əliyevə qarşı satış məqsədilə narkotik maddələri saxlamaq ittihamı irəli sürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR