ÜST Azərbaycanın malyariya, qızılca və məxmərəklə mübarizəsini yüksək qiymətləndirib

ÜST Azərbaycanın malyariya, qızılca və məxmərəklə mübarizəsini yüksək qiymətləndirib
# 06 dekabr 2016 13:47 (UTC +04:00)

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanın malyariya, qızılca və məxmərəklə mübarizəsini yüksək qiymətləndirib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, nazirliyə ÜST-ün Avropa Regional Bürosunun direktoru Jujanna Yakabın imzası ilə minnətdarlıq məktubu daxil olub. Sənəddə bildirilib ki, aprelin 20-də ÜST Avropada malyariyaya yoluxmanın dayandığını bəyan edib: “Avropa malyariyadan azad ilk region olub. Malyariyadan azad Avropaya doğru yolda mühüm fəaliyyətinizin təsdiqi nişanəsi olaraq bu nailiyyəti mümkün edən möhkəm siyasi tərəfdaşlığınıza, yüksək sayıqlığınıza və sərf etdiyiniz resurslara görə sizə ÜST adından minnətdarlığımı bildirmək istərdim”.

Səhiyyə Nazirliyinə daha iki sənəd qızılca və məxmərəyin eliminasiyasının verifikasiyası üzrə Avropa Regional Komissiyasından daxil olub. Sənədlərdən birində deyilir: “ÜST-ün Avropa Regional Bürosu tərəfindən yaradılmış Qızılca və məxmərəyin eliminasiyasının verifikasiyası üzrə Avropa Regional Komissiyası təsdiq edir ki, Azərbaycan 2012-ci ilin yanvar ayından 2014-cü ilin dekabr ayınadək olan müddətdə qızılcanın rəsmi sənədlə təsdiqlənmiş eliminasiyasına nail olub”.

Digər sənəd də analoji olaraq həmin dövrdə Azərbaycanda məxmərəyin eliminasiyasına nail olunduğunu rəsmi təsdiqləyir.

Hər iki sənədi Qızılca və məxmərəyin eliminasiyasının verifikasiyası üzrə Avropa Regional Komissiyası adından komissiyanın sədri Günter Pfaf imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR