«Azər-Asiya» sığorta şirkətində Ləğvetmə Komissiyası yaradılacaq

«Azər-Asiya» sığorta şirkətində Ləğvetmə Komissiyası yaradılacaq
# 04 avqust 2009 12:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin avqust ayının sonunda «Azər-Asiya» müştərək sığorta şirkətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, avqustun 31-də keçiriləcək yığıncağın gündəliyinə «Azər-Asiya» ASC-nin İdarə Heyətinin buraxılması və Ləğvetmə Komissiyasının yaradılması məsələləri daxil edilib.

Qeyd edək ki, sonuncu dəfə keçirilən iclasda şirkətin ləğvinə dair komissiyanın yaradılmasına iranlı səhmdarlar razılaşmayıblar. Səsverməyə iranlı səhmdarlar qatılmadığı üçün Ləğvetmə Komissiyasının yaradılmasında yetərsay olmayıb.

Şirkətdən bildirilib ki, sonuncu iclasda iranlı səhmdarlar yerli səhmdarlarla komissiyanın yaradılması, həmçinin digər məsələlərin həlli üçün növbəti iclasın müddətini əlavə olaraq üç ay uzadılmasına razılaşıblar.

Xatırladaq ki, 2008-ci ilin fevral ayının 11-də Maliyyə Nazirliyi «Azər-Asiya» sığorta şirkətinin lisenziyasının müddətinin uzadılmasından imtina edib. Şirkətin lisenziyasının dayandırılmasına əsas səbəb nazirlik tərəfindən aparılan yoxlamalar zamanı şirkətin sığorta qanunvericiliyinə əməl etməməsi və lisenziyanın tələblərinə və şərtlərinə uyğunsuzluğu olub.

İranlı səhmdarlar isə Azərbaycan Maliyyə Nazirliyi tərəfindən şirkətin lisenziyasının dayandırılmasını qeyri-qanuni hesab edirlər və lisenziyanın ləğvinə yol verməyəcəklərini bildiriblər. İranlı səhmdarlar yol verilmiş nöqsanların aradan qaldırılmasına, həmçinin şirkətin nizamnamə fondunun 10 mln. manatadək artırılmasına razıdırlar.

Xatırladaq ki, təsisçisi İranın «Asiya Sığorta» (49%) və «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkəti (51%) olan «Azər-Asiya» sığorta şirkəti 1997-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə şirkətin nizamnamə kapitalı 800 min manat təşkil edib. Şirkət indiyədək 7 könüllü və 2 icbari sığorta növü üzrə xidmət göstərib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR