Ekoloji qanunvericiliyin tələblərinin pozulmasına görə 168 akt və protokol tərtib olunub

Ekoloji qanunvericiliyin tələblərinin pozulmasına görə 168 akt və protokol tərtib olunub
# 18 mart 2010 07:50 (UTC +04:00)
Bakı-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları 2010-cu ilin 16-28 fevral tarixində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıblar. ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 168 akt və protokol tərtib olunmuş və nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 36 göstəriş verilib. Ümumilikdə 64 iş üzrə 78820 manat məbləğində cərimə tətbiq edilib, ondan 4891,42 manat ödənilib.

Ətraf mühitə dəymiş ziyanla bağlı 43 iş üzrə 15355,55 manat məbləğində iddia qaldırılıb, ondan 3790,56 manatın ödənilməsi təmin edilib. İdarə və müəssisələrə 79 iş üzrə 552891,88 manat məbləğində ödəmə tətbiq edilib, ondan 41835,37 manatın ödənilməsi təmin olunub. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilmiş 8 işə, məhkəmələrə göndərilmiş 25 işə baxılmayıb, Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilən 43 işdən 3-nə baxılaraq müvafiq tədbir görülüb.

Su ehtiyatlarının mühafizəsi üzrə 21 akt və tərtib olunub, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 5 icrası məcburi olan göstəriş verilmişdir. 6 iş üzrə 5400 manat məbləğində cərimə tətbiq edilib. 12 iş üzrə 526375,56 manat məbləğində ödəmə tətbiq edilmiş, ondan 10481,14 manatın ödənilməsi təmin olunub.

Atmosfer havasının mühafizəsinə nəzarət məqsədilə müvafiq araşdırmalar aparılaraq 23 akt və protokol tərtib olunub. Aşkar olunan çatışmazlıqların aradan qaldırılması məqsədilə 14 icrası məcburi olan göstəriş verilib. 1 iş üzrə 300 manat məbləğində cərimə tətbiq edilmiş, ondan 205,82 manatın ödənilməsi təmin olunub. 32 iş üzrə 19725,19 manat məbləğində ödəmə tətbiq edilib, ondan 19695,05 manatın ödənilməsi təmin olunub.

Tullantıların idarə olunması sahəsində aşkar olunmuş qanun pozuntularına görə 29 akt və protokol tərtib olunub və müəyyən edilən nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 10 icrası məcburi olan göstəriş verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR