Berti Foqts: “ABŞ yığması Azərbaycana gələ bilər”

Berti Foqts: “ABŞ yığması Azərbaycana gələ bilər”
# 12 mart 2014 15:43 (UTC +04:00)

Bakı – APA. “Eşitdiyimə görə, “Barselona” futzalda elə də güclü deyil. “Kayrat” və “Dinamo” ispan klubundan güclü olmalıdır. “Araz” çox yaxşı komandadır. İnanıram ki, “Barselona” səddini keçəcək”. Bu sözləri apasport.az saytına Azərbaycan millisinin baş məşqçisi Berti Foqts deyib.


Bu gün “Hilton” otelində keçirilən UEFA Futzal Kubokunun “Dördlər finalı”nın püşkatma mərasiminə futbol üzrə 67 yaşlı almaniyalı mütəxəssis də iştirak edib. “Araz”ın rəqibi “Barselona”nın münasib rəqib olduğunu ifadə edən Foqts millimizin mayın 27-də ABŞ yığması ilə keçirəcəyi yoldaşlıq matçından da söz açıb.

Əcnəbi çalışdırıcı bildirib ki, bu görüş komandamız üçün faydalı olacaq: “Dostlar arasında belə məsələlər olur. Biz ABŞ tərəfi və AFFA ilə söhbət etdik, onlar da razılıq verdilər. Düşünürəm ki, möhtəşəm bir oyun olacaq. Düzdür, məsafə uzaqdır, 12 saatlıq uçuşdur. Lakin komandamız, gənc futbolçularımız üçün önəmli oyun olacaq. Azərbaycan kuboklunun finalında iştirak edəcək klubların futbolçuları həlledici matçdan sonra yığmaya qoşulacaqlar. Digərləri ABŞ-a bir qədər tez gedəcəklər. İyunun 2-də isə geri qayıdacağıq. Gələcəkdə, növbəti 3-4 ildə ABŞ yığması da yoldaşlıq matçı keçirtmək üçün Azərbaycana gələ bilər. Ancaq iki ölkənin federasiyaları arasında danışıq olub-olmadığını bilmirəm”.

Qeyd edək ki, ABŞ – Azərbaycan görüşü San-Fransisko şəhərindəki “Kandlstik Park” stadionunda keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR