Azərbaycanlı dirijor Rusiyada silsilə konsertlərlə çıxış edib

Azərbaycanlı dirijor Rusiyada silsilə konsertlərlə çıxış edib
# 04 fevral 2013 13:13 (UTC +04:00)

Bakı. Ülkər Qasımova-APA. Beynəlxalq müsabiqələr laureatı, dirijor Əyyub Quliyev V. Safonov adına Akademik Filarmonik Orkestri ilə bərabər Rusiyanın cənub bölgəsində silsilə konsertlərlə çıxış edib. APA-nın məlumatına görə, konsertlər Rusiyanın Mədəniyyət Nazirliyi və V. Safonov adına Federal Akademik Filarmoniyasının təşkilatçılığı ilə keçirilib. Qafqaz Mineral Suları Filarmoniyasının Şalyapin, Safonov və Skryabin adına konsert zallarında baş tutan konsertlər simfonik konsertlər layihəsi çərçivəsində “Simfonizm dahiləri” və “Musiqili obrazlar” adı altında gerçəkləşib. Konsert proqramları çərçivəsində dirijor Əyyub Quliyevin idarəsində səslənən L.Bethoven, İ.Brams, P.Çaykovski, A.Qlazunov və G.Sviridovun simfonik-instrumental əsərləri dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Azərbaycanlı dirijorla səhnəni bölüşən görkəmli rus skripka ifaçısı, Rusiyanını əməkdar artisti Qraf Murja və pianoçu, beynəlxalq müsabiqələr laureatı Dmitriy Kaprinin çıxışı musiqisevərlər tərəfindən mövsümün uğurlu layihəsi kimi qeyd edilib.

V.Safonov adına Dövlət Filarmoniyasının direktoru, professor Svetlana Berejnaya azərbaycanlı dirijora uğurlu çıxışa görə minnətdarlıq bildirərək, mövsümün sonunda keçiriləcək Mosartın “Fiqaronun toyu” və Raxmaninovun “Aleko” operalarının premyeralarını idarə etmək üçün dəvət edib.

Qeyd edək ki, bu il 118-ci mövsümünü keçirən Safonov Dövlət Filarmoniyasının Azərbaycan Akademik Opera və Balet Teatrının dirijoru Əyyub Quliyevlə əməkdaşlığı 2008-ci ildən davam edir və ənənəvi olaraq hər il dəvət olunan dirijorun N. Luqanski, D. Matsuev, S. Roldugin, Q. Murja, P. Lapteva kimi tanınmış musiqiçilərlə uğurlu çıxışları ilə əlamətdar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR