«Pasha Bank» bu il xalis mənfəətini sabit saxlamaq niyyətindədir

«Pasha Bank» bu il xalis mənfəətini sabit saxlamaq niyyətindədir
# 14 mart 2013 10:13 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Pasha Bank» ASC-nin aktivləri 2012-ci ilin sonuna 721,075 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 26% çoxdur. «APA-Economics»in xəbər verdiyi kimi, bunu bankın 2012-ci ildəki fəaliyyətinin nəticələrinə həsr olunan mətbuat konfransında bu gün «Paşa Bank»ın İdarə Heyətinin sədri Fərid Axundov bildirib.

F.Axundovun sözlərinə görə, bankın kredit portfeli ötən il 17% artaraq 274,141 mln. manat, müştərilərin müddətli depozitləri 16,9% artaraq 193,858 mln. manat, müştərilərin cari hesabları 28% artaraq 263,209 mln. manat, məcmu kapitalı 26,2% artaraq 188,348 mln. manat təşkil edib. Bankın aktivlərinin 47%-i qiymətli kağızlar portfeli, 28%-i müştərilərə verilən kreditlər, 10%-i nağd pullar və nağd pul ekvivalentləri, 2%-i kredit təşkilatlarına verilən vəsaitlərin payına dşür. Öz növbəsində, qiymətli kağızlar portfelinin təxminən 80%-ni Azərbaycan dövlət qiymətli kağızları təşkil edir və bu səbəbdən, qiymətli kağızlar portfelinin likvidliyi yüksək qiymətləndirilir.

Bankın 2012-ci ildə əldə etdiyi vergi ödənilənədək mənfəəti 20,763 mln. manat, xalis mənfəəti isə 16,212 mln. manat təşkil edib. Xalis mənfəətin həcmi illik müqayisədə 21% artıb.

Konfransda bildirilib ki, bankın aktivlərinin gəlirliyi (ROA əmsalı) 3,84%, kapitalın gəlirliyi (ROE əmsalı) 17,62% təşkil edib. Bu göstəricilər 2011-ci ilin yekunları ilə müqayisədə müvafiq olaraq 0,44 və 1,82 faiz bəndi çoxdur.

Tədbirdə iştirak edən İdarə Heyətinin üzvü Şahin Məmmədov bəyan edib ki, 2013-cü ilin sonuna bankın aktivlərinin 850-900 mln. manat çatdırılması, xalis mənfəətin isə təxminən 16 mln. manat olacağı proqnozlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR