Vergilər Nazirliyi «Vergi dostları» layihəsinin təqdimatını keçirib

Vergilər Nazirliyi «Vergi dostları» layihəsinin təqdimatını keçirib
# 25 fevral 2012 16:37 (UTC +04:00)
Xaçmaz. Vəli Turan – APA. Bu gün Xaçmaz rayonunda Vergilər Nazirliyinin «Vergi dostları» layihəsinin təqdimat mərasimi keçirilib. APA-nın Şimal bürosunun məlumatına görə, layihənin təqdimat mərasimində Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, vergilər nazirinin müşaviri Ələkbər Məmmədov, 3 saylı ərazi Vergilər İdarəsinin əməkdaşları və məktəb müəllimləri iştirak ediblər.

Vergi ödəyicilərinin vergi xidmətlərindən istifadə imkanlarının genişləndirilməsi və bu xidmətlərin ünvanlılığının artırılması məqsədi ilə təşkil olunan layihənin icrasına ilk dəfə olaraq Xaçmazda başlanılıb. Vergi siyasətinin genişləndirilməsi, bu sahədə maarifləndirmə işlərinin aparılması üçün Vergilər Nazirliyinin həyata keçirdiyi silsiləvi tədbirlər çərçivəsində təşkil olunan layihə bütün Azərbaycanı əhatə edəcək.

Layihəyə yalnız məktəb müəllimləri cəlb olunacaq. Onlar Vergilər Nazirliyinin təşkil etdiyi seminarlara qatılacaq və vergi sistemi barədə maarifləndiriləcək. Müəllimlərə kompüter və digər texniki avadanlıqlar veriləcək.

Layihə Azərbaycanda interaktiv vergi sistemindən könüllü vergi sisteminə marağın artmasına da xidmət edəcək. Layihənin müddəti iki ildir. Proqram çərçivəsində 2000-ə yaxın məktəb layihənin icrasına cəlb olunacaq.
Ə.Məmmədovun sözlərinə görə bundan başqa Vergilər Nazirliyi tərəfindən şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə, vergi ödəyicilərinə elektron xidmətlərin göstərilməsi, nazirliyin telefon məlumat xidmətlərinin təkmilləşdirilməsi ilə bağlı geniş layihələr həyata keçirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR