Qəbələdə Yerusəlim Simfonik Orkestrinin və vokalçıların Bülbül adına beynəlxalq müsabiqələrinin qaliblərinin konserti olub

Qəbələdə Yerusəlim Simfonik Orkestrinin və vokalçıların Bülbül adına beynəlxalq müsabiqələrinin qaliblərinin konserti olub
# 28 iyul 2013 20:58 (UTC +04:00)

Qəbələ. Elvin Yaqubov-APA. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Qəbələ V Beynəlxalq Musiqi Festivalı çərçivəsində Vokalçıların Bülbül adına Beynəlxalq Müsabiqələrinin qaliblərinin konserti olub.

APA-nın məlumatına görə, iyulun 28-də məşhur italyan musiqiçi Mirko Roverellinin drijorluğu ilə baş tutan konsertdə İsrailin Yerusəlim Simfonik Orkestri Azərbaycanın və Avropanın bəstəkarlarının əsərlərindən parçalar səsləndirib. “Viva opera” adlı konsertdə Azərbaycan, Rusiya və Türkiyədən ifaçılar-Sergey Leyfekus, Burçin Savigne, xalq artisti Əli Əsgərov, əməkdar artist Elçin Əzizov, Azər Rzazadə, Fəridə Məmmədova, Yusif Eyvazov tamaşaçılara bəstəkarlar Cüzeppe Verdinin “Bal-maskarad”, “Simon Bokkaneqra”, “Otello”, Umberto Cordanonun “Andre Şenye”, Cakomo Puççininin “Turandot”, “Toska”, “Çio-Çio San”, eləcə də Qara Qarayev, Cövdət Hacıyevin “Vətən” operasından parçaları təqdim edib.

Daha sonra səhnəyə çıxan Bülbül Fondunun prezidenti, Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu tamaşaçıları salamlayıb, festivalın ərsəyə gəlməsində Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevaya dərin minnətdarlığını bildirib. Polad Bülbüloğlunun ifasında səslənən “Gəl ey səhər”, “Azərbaycan” kimi bəstələr, eləcə də “Ay dilbər”, “Xumar oldum” xalq mahnıları tamaşaçılara xoş anlar yaşadıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR