Beynəlxalq avtoyürüşün iştirakçıları Qəbələdə olublar - APA TV

Beynəlxalq avtoyürüşün iştirakçıları Qəbələdə olublar - <span style="color: red;">APA TV
# 08 iyun 2013 14:27 (UTC +04:00)

Qəbələ. Elvin Yaqubov-APA. Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim ümumi qələbəmiz” adlı layihə çərçivəsində Sankt-Peterburq-Bakı-Moskva marşrutu üzrə təşkil edilən “Qələbə yolları ilə” adlı beynəlxalq avtoyürüşün iştirakçıları iyunun 8-də Qəbələ rayonunda olublar.

APA-nın məlumatına görə yürüş iştirakçıları əvvəlcə Böyük Vətən müharibəsində həlak olan soydaşlarımızın xatirəsinin əbədiləşdirilməsi məqsədilə Qəbələ şəhərində ucaldılmış abidə kompleksini ziyarət ediblər.

Rayon icra hakimiyyətində müharibə veteranları və gənclərin iştirakı ilə keçirilən görüşdə məlumat verilib ki, Rusiyanın Gənclərlə iş üzrə Federal Agentliyinin, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən bu avtoyürüşə bu il mayın 6-da Sankt-Peterburq şəhərində start verilib.

“Qələbə yolları ilə” adlı beynəlxalq avtoyürüşün məqsədi gənc nəslin vətənpərvərlik tərbiyəsi, MDB dövlətlərinin vətənpərvərlik cəmiyyətləri arasında əlaqələrin qurulması və inkişaf etdirilməsidir.

Avtoyürüşdə iştirak edən 24 rusiyalı gənc müxtəlif bayraq və şüarlarla bəzədilən 8 avtomobil vasitəsilə Qəbələ şəhərini gəziblər. Layihənin iştirakçıları yerli gənclərə Qəbələdə yaşayan Böyük Vətən müharibəsi veteranları ilə söhbətlər aparmağı, onların xatirələrini videomaterial şəkilində arxivləşdirməyi tövsiyə ediblər. Bu işi həyata keçirmək üçün Qəbələdən olan 5 gəncə videokamera hədiyyə edilib. Veteranlardan alınan videomüsahibələr əsasında hazırlanacaq 40 dəqiqəlik film layihə ilə əlaqədar yaradılan www.41-45.su saytına yüklənəcək.

Qeyd edək ki, “Bizim ümumi qələbəmiz” layihəsi çərçivəsində təşkil edilən “Qələbə yolları ilə” adlı beynəlxalq avtoyürüşün iştirakçıları 2011-ci ildə Moskva-Berlin marşrutu üzrə hərəkət edərək Polşa, Ukrayna, Litva, Belarus və Almaniyanın müxtəlif şəhərlərində veteranlarla görüşlər keçiriblər. Beynəlxalq avtoyürüş 2012-ci ildə Moskva-Murmansk-Novosibirsk marşrutu üzrə təşkil edilib. “Qələbə yolları ilə” adlı beynəlxalq avtoyürüşün iştirakçıları iyunun 9-da Qəbələ rayonundan Bakıya yola düşəcəklər. Yürüş iştirakçıları iyunun 12-də Dərbənd şəhərində keçirilən bayram tədbirində iştirak edəcəklər və oradan da Moskvaya yola düşəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR