Gürcüstan Baş nazirinin müavini Kaxa Kaladze Azərbaycan xalqını Yeni il münasibəti ilə təbrik edib

Gürcüstan Baş nazirinin müavini Kaxa Kaladze Azərbaycan xalqını Yeni il münasibəti ilə təbrik edib
# 26 dekabr 2013 18:46 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Gürcüstanın baş nazirinin müavini, enrgetika naziri Kaxa Kaladze Azərbaycan xalqını, o cümlədən ölkədə yaşayan azərbaycanlıları yeni il münasibəti ilə təbrik edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə K.Kaladze Gürcaani rayonunun Axalşeni kəndinin qazlaşdırılması ilə bağlı keçirilmiş tədbirdə azərbaycanlı jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Azərbaycanın “SOCAR Georgia Gas” şirkəti Gürcüstanda qazlaşdırma sahəsində böyük işlər həyata keçirir: “Gələn il qazlaşdırma davam edəcək və ölkə əhalisinin 75% əhalisi təbii qazla təmin olacaq”.

Gürcaani rayonundakı Axalşeni kəndinə təbii qaz verilməsi tədbirində iştirak edən “SOCAR Georgia Gas”-ın direktoru Anar Məmmədov jurnalistlərə açıqlamasında Axalşeni kəndində hələlik 350 abonentə təbii qaz verildiyini bildirib: “Bu iş davam edəcək və kənddə yaşayan 940 ailənin hamısı qazla təmin olunacaq”.

Qeyd edək ki, bu günlərdə Gürcüstanda ARDNŞ prezidenti Rövnəq Abdullayev və Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və sabit inkişaf naziri Georgi Kvirikaşvili və Gürcüstan Baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze ilə bu ölkənin qazlaşdırılmasına dair memorandum imzalanıb. Sənəddə qeyd olunub ki, ARDNŞ-in Gürcüstan nümayəndəliyi 2017-ci ilədək Gürcüstanda qazlaşdırılmanı yenə də davam etdirəcək və 100 min ailəni təbii qazla təmin edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR