Daimi Nümayəndəlik: ATƏT münaqişələrin ağır nəticələrinin aradan qaldırılması üçün səyləri ikiqat artırmalıdır

Daimi Nümayəndəlik: ATƏT münaqişələrin ağır nəticələrinin aradan qaldırılması üçün səyləri ikiqat artırmalıdır
# 13 may 2016 11:25 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “ATƏT Katibliyini, qurumun hazırkı və gələcək sədrlərini, habelə icraçı strukturları münaqişələr nəticəsində yaranmış problemlərlə mübarizəyə lazımi diqqət ayırmağa və bu münaqişələrin ağır nəticələrinin aradan qaldırılmasına istiqamətlənmiş səylərini ikiqat artırmağa çağırırıq”.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyinin Daimi Şuranın iclasında baş katibin 2017-ci ilin Proqram konturları ilə bağlı təqdimatına cavabında deyilir.

Azərbaycan tərəfi qeyd edib ki, münaqişələrin həllinə dəstək Münaqişələrin qarşısının alınması mərkəzi (Conflict Prevention Centre –CPC) üçün prioritet olaraq qalmalıdır.

“ATƏT Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün mandatı olan yeganə beynəlxalq təşkilatdır. Ona görə də təşkilat bu münaqişənin müxtəlif aspektləri üzrə müzakirələr təşkil etməklə, Minsk qrupu və onun həmsədrlərinə effektiv yardım edərək münaqişənin həllini gündəmdə saxlamalıdır. Bu kontekstdə biz Münaqişələrin qarşısının alınması mərkəzinin ATƏT məkanındakı münaqişələrin həlli üçün daha çox planlar təklif etməsini yüksək qiymətləndirərik”.

Bəyanatda, həmçinin, məcburi köçkün və qaçqınlar məsələsinə az diqqət göstərilməsinin təəssüf doğurduğu qeyd edilib: “Məcburi köçkünlər və qaçqınlarla bağlı çoxsaylı öhdəliklərin mövcudluğu fonunda ATƏT və onun müvafiq qurumları bu həssas qrupun problemləri ilə bağlı həll yolunu tapmaq üçün adekvat resurslar sərf etməlidir. Biz ATƏT-in hazırkı və gələcək sədrliklərini, habelə Münaqişələrin qarşısının alınması mərkəzi və müvafiq icra strukturlarını bu boşluğun aradan qaldırılması istiqamətində zəruri tədbirlər görməyə çağırırıq”.

O da qeyd olunub ki, ATƏT-in sahə missiyaları öz fəaliyyətlərini qurduğu zaman üzv dövlətlərin Helsinki Yekun aktının prinsiplərinə əməl etməsi kimi öhdəliklərini nəzərə almalıdır: "Biz ATƏT-in Ermənistana sahə missiyaları vasitəsilə verilən yardıma nəzarət etməsinin vacibliyini vurğulayırıq. Çünki bu yardımın Azərbaycanın işğal edilmiş ərazilərində istifadə edilməyəcəyi və ya işğalı möhkəmləndirməyə xidmət etməyəcəyi təmin olunmalıdır".

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR