İndoneziya nümayəndəsi: “Azərbaycana səfərimdə məqsəd Xocalı soyqırımına dair təsdiqləyici faktların toplanmasıdır”

İndoneziya nümayəndəsi: “Azərbaycana səfərimdə məqsəd Xocalı soyqırımına dair təsdiqləyici faktların toplanmasıdır”
# 22 oktyabr 2015 07:23 (UTC +04:00)

Bakı – APA. Xarici işlər nazirinin müavini Xələf Xələfov İndoneziya Respublikasının İnsan Hüquqları üzrə Milli Komissiyasının sədri Nur Xolisin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nur Xolisin səfərindən məmnunluğunu ifadə edən X. Xələfov Azərbaycanın İndoneziya ilə əlaqələrin inkişafında maraqlı olduğunu və iqtisadi sahədə, xüsusilə qeyri-neft sektorunda əməkdaşlıq üçün əlverişli imkanların mövcudluğunu diqqətə çatdırıb. Ermənistan-Azərbaycan münaqişəsi və onun ağır nəticələri haqqında danışan X. Xələfov münaqişənin həlli istiqamətində ATƏT-in Minsk Qrupunun fəaliyyətinin qaneedici olmadığını deyib. O, BMT Təhlükəsizlik Şurası da daxil olmaqla, beynəlxalq təşkilatların münaqişənin həlli ilə bağlı təsirli mexanizmlərinin olmadığını, təcavüzkarın cəzalandırılmasında iradəsizlik nümayiş etdirildiyini təəssüflə vurğulayıb. Ermənistan tərəfindən törədilən vəhşiliklər, xüsusilə Xocalı soyqırımını xatırladan nazir müavini Ermənistanın işğalçı siyasətinin ifşa edilməsi, Azərbaycanın hüquqlarının bərpası üçün ölkə hökuməti tərəfindən beynəlxalq səviyyədə göstərilən səylərdən danışıb. Diplomat bu xüsusda Xocalı soyqırımı ilə əlaqədar bir sıra ölkə parlamentlərində qəbul edilmiş qətnamələri, həmçinin “Çıraqov və başqaları Ermənistana qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi qətnaməni diqqətə çatdırıb.

Nur Xolis isə ölkəsinin Azərbaycanla insan hüquqları sahəsində ikitərəfli əməkdaşlığın inkişafında maraqlı olduğunu söyləyib. O, Azərbaycana səfərinin əsas məqsədinin Xocalı soyqırımının araşdırılması, bununla bağlı təsdiqləyici faktların toplanaraq dünyaya tanıdılmasından ibarət olduğunu bildirib.

Görüş əsnasında regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR