Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Xəzər dənizin Azərbaycan sektorunda yerləşən "Ümid" yatağının işlənməsi çərçivəsində 4 özülün quraşdırılması və bu özüllərdə 19 istismar quyusunun qazılması layihəsi üzərində iş aparılır.
“APA-Economics”in məlumatına görə, bunu bu gün Bakıda keçirilən Xəzər Beynəlxalq Neft-Qaz Konfransında çıxış edərkən SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.
Onun sözlərinə görə, hazırda "Ümid" yatağında iki quyu işləyir və 1 quyu qazılmaqdadır: “Bu günədək yataqdan 153 min ton kondensat və 955 mln. kubmetr qaz hasil edilib", -deyə SOCAR rəsmisi qeyd edib.
X. Yusifzadə həmçinin əlavə edib ki, Bulla-Dəniz yatağında yeni istifadəyə verilmiş və dərinliyi 5 900 metr 78 saylı axtarış quyusunun qazma işləri həyata keçirilir: “Yatağın gələcək işləmə proqramında 2016-2025-ci illər arasında burada 5 yeni özülün tikilməsi nəzərdə tutulur. Bu özülə 26 quyunun qazılması nəzərdə tutulur”.