Müsavat başqanının müavini: "Əmin idim ki, Milli Şura bizim mitinqi dəstəkləməmək üçün əlindən gələni edəcək"

Müsavat başqanının müavini: "Əmin idim ki, Milli Şura bizim mitinqi dəstəkləməmək üçün əlindən gələni edəcək"
# 12 sentyabr 2016 14:32 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. "Gözlənilirdi ki, demokratik birlik naminə Milli Şura da Müsavat Partiyasına dəstək verəcək. Özü də bunu ictimaiyyət daha çox gözləyirdi, nəinki müsavatçılar. Mən şəxsən gözləmirdim. Çünki bu, illərdir aparılan "yeganə müxalifət bizik, Müsavat satqındır" taktikasına zidd olardı".

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası başqanın müavini Yadigar Sadıqov Milli Şuranın növbəti mitinqinə münasibət bildirərkən deyib.

Y. Sadıqov bildirib ki, ictimaiyyət Milli Şuradan tamamilə əks qərar, yəni, Müsavatın mitinqinə dəstək qərarı gözləyirdi: "Bildiyiniz kimi, Müsavat Partiyası Milli Şuranın 11 sentyabr mitinqinə dəstəyini ifadə etmişdi. Günlərlə müsavatçılar, xüsusən də gənclər sosial şəbəkələrdə, real həyatda mitinqin təbliğatını apardılar, insanları iştiraka dəvət etdilər. Mitinqdə də partiyada ikinci post olan Məclis sədri başda olmaqla bir çox müsavatçılar iştirak etdilər".

Başqan müavini Milli Şuranın konkret hansı addım atacağından xəbərsiz olduğunu qeyd edib: "Amma əmin idim ki, Milli Şura bizim mitinqi dəstəkləməmək, təbliğatını aparmamaq üçün bir şey fikirləşəcək. Çox istəyərdim ki, yanılam, onlar haqqında əsassız olaraq bədgüman olmaqdan utanam. Amma, sağ olsunlar, məni utandırmadılar".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR