İnklüziv təhsilin tətbiqinə başlanacaq 2 məktəbdə sağlamlıq imkanları məhdud uşaqlar bərabər təhsil alacaq

İnklüziv təhsilin tətbiqinə başlanacaq 2 məktəbdə sağlamlıq imkanları məhdud uşaqlar bərabər təhsil alacaq
# 04 iyun 2015 11:15 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu ildən Azərbaycanda ilk dəfə olaraq iki ümumtəhsil orta məktəbdə inklüziv təhsilin tətbiqinə başlanacaq.

APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib ki, inklüziv təhsilin tətbiqinin mənası və fəlsəfəsi ondan ibarətdir ki, bütün uşaqlar eyni siniflərdə tədris alacaq. Onun sözlərinə görə, burada hansısa xüsusi sinfin - xüsusi qayğıya ehtiyacı olan ayrıca sinfin yaradılmasından söhbət getmir: “Sosiallaşma və təlim-tədris prosesi çərçivəsində bütün uşaqların bir məktəbdə, bir sinifdə tədris alması mümkün olacaq. Təbii olaraq məktəb bunun üçün hazırlanmalıdır. Burada maddi-texniki infrastruktur, təlim prosesi, xüsusi ştatların mövcudluğu məsələlərini əhatə edir. Ona görə də ilkin olaraq pilot layihə şəklində 2 məktəbdən bu prosesə başlayırıq”.

M.Cabbarov əlavə edib ki, inklüziv təhsil alacaq şagirdlərin sayı barədə indidən nəsə demək mümkün deyil. Onun sözlərinə görə, bu həm də valideynlərin qərarlarından asılı olan bir məsələdir: “Pilot layihə olduğuna görə bizim məqsədimiz birinci ildən mümkün qədər çox uşağı əhatə etməkdən daha çox bu modeli sınamaqdan, onu düzgün şəkildə hazırlayıb nəticələr çıxarmaqdan ibarətdir. Bununla da bu gün təhsil sistemindən kənarda olan bütün uşaqlara gələcəkdə inklüziv təhsili təklif etmək imkanına nail olmadır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR