Quzanlıda Ağdamın işğalı ildönümü ilə əlaqədar tədbir keçirilib

 Quzanlıda Ağdamın işğalı ildönümü ilə əlaqədar tədbir keçirilib
# 19 iyul 2014 13:03 (UTC +04:00)

Ağdam. Teymur Zahidoğlu - APA. Ağdam rayonunun Quzanlı qəsəbəsində Ağdam şəhəri və ətraf 82 yaşayış məntəqəsinin ermənilər tərəfindən işğal edilməsinin 21-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

APA-nın Qarabağ bürosunun məlumatına görə, tədbirdə rayon ictimaiyyəti, yerli ziyalılar, Qarabağ veteranları, şəhid ailələri və müharibə əlilləri iştirak ediblər.

Çıxış edənlər bildiriblər ki, Qarabağ müharibəsinin ağırlığının əsas hissəsini çiyinlərində daşıyan Ağdam nəinki Ermənistana, hətta ermənilərə dayaq olan bir çox ölkələrdən gələn qüvvələrə qarşı 5 illik savaşda minlərlə şəhid verib. Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdəki şücaətinə görə, 16 nəfər ağdamlı Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Tədbir başa çatdıqdan sonra respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan Vətən övladlarının xatirəsinə ehsan verilib.

Xatırladaq ki, Ağdam şəhəri erməni təcavüzkarları tərəfindən 1993-cü ilin iyulun 23-də işğal olunub. Rayonun 1154 kv. km ərazisinin 76,4 faizi – bir şəhər, 1 qəsəbə, 82 kənd Ermənistan Ordusu tərəfindən işğal edilib. 1993-cü ilin yayından etibarən ermənilər Ağdam rayonunun yaşayış məntəqələrini, mədəni abidələrini, qəbiristanlıqları, yeraltı və yerüstü sərvətlərini talan edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR