Vışeqrad Qrupu: Türkiyənin Avropa İttifaqına qarşı müttəfiqi - TƏHLİL

Vışeqrad Qrupu: Türkiyənin Avropa İttifaqına qarşı müttəfiqi - <span style="color: red;">TƏHLİL
# 28 sentyabr 2016 09:18 (UTC +04:00)

Bu ilin avqustunda Avropa İttifaqı ilə Türkiyə arasında yaşanan siyasi gərginlik əldə olunmuş razılaşmaların taleyini sual altına salıb. Razılaşmalara əsasən, Türkiyə Avropa İttifaqına miqrasiya probleminin həllində köməklik etməli, Avropa İttifaqı isə bunun müqabilində Türkiyəyə 6 mlrd. avro həcmində vəsait ayırmalı idi. Bu məbləğdən 3 mlrd. avro 2016, qalan vəsait isə isə 2017-2018-ci illər üçün nəzərdə tutulub. Həmin vəsaitlər humanitar miqrantların (söhbət, əsasən Suriya qaçqınlarından gedir) Türkiyə ərazisində yerləşdirilməsi üçün nəzərdə tutulur. Və əsas məqam: Türkiyə bu razılaşmanın tərkib hissəsi kimi Avropa İttifaqı ilə vizasız rejimin tətbiqini vacib hesab edir. Amma Türkiyədə baş vermiş dövlət çevrilişə cəhddən sonra ölkədə başlanmış proseslər, yəni dövlət çevrilişdə iştirak edən, dövlətə və ictimai təhlükəsizliyə qarşı çıxanların “təmizlənməsi” Avropa İttifaqı tərəfindən repressiya kimi qiymətləndirilib ki, nəticədə siyasi gərginlik yaranıb. Bəzi radikal qüvvələr bəyan edir ki, əgər Türkiyədə “repressiyalar” davam etsə, yuxarıda qeyd olunan razılaşmalara xitam veriləcək.

Amma indi ümid var ki, proses bərpa olunacaq. Beləliklə, ötən həftə Bratislavada Avropa İttifaqının qeyri-formal sammiti keçirilib. Burada əsas diqqət çəkən hadisə Vışeqrad qrupun öz təklifləri ilə çıxış etməsidir. Faktiki olaraq elə vəziyyət yaranıb ki, Avropa İttifaqında daha çox islahatlar barədə boş söhbətlər aparılır, amma hər hansı irəliləyiş üçün real addımlar lazımdır, onları isə indi yalnız Vışeqrad qrupu təklif edir və onlarda israr edir. Qeyd edək ki, Vışeqrad qrupuna Polşa, Çexiya, Slovakiya və Macarıstan daxildir. Bu ölkələr ötən ilin ortalarında kəskinləşən miqrasiya böhranı zamanı faktiki olaraq Avropa İttifaqının indiki rəhbərliyinə, o cümlədən Almaniya kimi ölkələrə müxalif mövqedə dayanır. Bu ölkələr qaçqınların Avropa İttifaqı ölkələri arasında şərtsiz mütənasib prinsipinə əsasən qəbul edilməsinə qarşı çıxırlar. Bu isə siyasi gərginliyə səbəb olur. Məsələn, Polşada aparılan hakimiyyət islahatları, hakimiyyət strukturunun təkmilləşdirilməsinə yönəldilən tədbir və qərarlar Avropa İttifaqının siyasi təzyiqinə məruz qalıb, bəzi radikal qüvvələr Polşanı antidemokratik proseslərin aparılmasında günahlandırıblar. Ötən il Polşada hakimiyyətə gələn Hüquq və Ədalət Partiyası açıq bəyan edib ki, Avropa İttifaqında islahatların sürətləndirilməsinə ehtiyac var və bu istiqamətdə bütün addımlar atılmalıdır. Qeyri-rəsmi demək olar ki, söhbət Almaniyanın Avropa İttifaqında hegemonluğunun azaldılmasından gedir.

Yenə də qeyd edək ki, Avropa İttifaqının Türkiyə ilə münasibətləri hətta Almaniyanın qondarma “erməni soyqırımı”nı tanımasından başlayıb, lakin buna baxmayaraq yuxarıda qeyd olunan saziş imzalanıb və Türkiyə öz öhdəliklərini yerinə yetirib. Buna baxmayaraq indi əldə olunan razılaşmalar xitam verilmə həddinə çatmışdır. Lakin prosesin yenidən öz məcrasına dönməsinə ümidlər yaranıb. Belə ki, sammitdən sonra Polşanın baş naziri Beata Şıdlo mətbuat konfransda Vışeqrad qrupunun Avropa İttifaqının rəhbərliyi və üzv ölkələrinin diqqətinə çatdırdığı təkliflərin bəzi təfərrüatlarını açıqlayıb. Polşa İnformasiya Agentliyi (PAP) xəbər verir ki, B. Şıdlo təkliflərin əsasən üç istiqamətdən ibarət olduğunu bəyan edib. Birinci qrup təkliflər miqrasiya böhranına aiddir. Bu istiqamətdə Qrup miqrasiya üzrə yeni bir razılaşma təklif edir ki, burada əsas olaraq humanitar yardım, kənar sərhədlərin qorunması və üçüncü ölkələrlə əməkdaşlıq götürülür. Və maraqlısı odur ki, həmin prosesdə ilk növbədə Türkiyə ilə razılaşmaların yerinə yetirilməsi tələb kimi qoyulub. Beləliklə, faktiki olaraq, Avropa İttifaqının rəhbərliyi qarşısında Türkiyə ilə razılaşmalara əməl edilməsi tələbi qoyulub. Dərhal olaraq, Avropa İttifaqında Türkiyəyə qarşı son aylarda formalaşmış sərt münasibət dəyişməyə başlayıb. Məsələn, Avroparlamentin sədri Martin Şults bəyan edib ki, Türkiyə ilə Avropa İttifaqı arasında miqrasiya böhranın həll edilməsi barədə saziş prioritet qalır və o, yerinə yetiriləcək. Hətta, Şults bəyan edib ki, razılaşmanın icrasında Türkiyə özünü əla və etibarlı tərəfdaş kimi göstərib. Bundan əlavə Şults Türkiyəyə qarşı əvvəlki sərt bəyanatlarından imtina edib. O deyib ki, əvvəlki tənqidi bəyanatlarına baxmayaraq, o, Türkiyənin miqrantların öz ərazisində qəbulu və yerləşdirilməsi sahəsində işini çox yüksək qiymətləndirir.

Ümumiyyətlə, Vışeqrad qrupunun təkliflərində üçüncü ölkələrlə əməkdaşlığa böyük diqqət yetirilir və bu sırada əsas kimi Türkiyə ilə razılaşmanın reallaşmasının vacibliyi bildirilir. Amma unutmaq lazımdır deyil ki, Türkiyə miqrantlarla bağlı olan razılaşmanı birbaşa vizasız rejimi məsələsi ilə bağlayır. Beləliklə, vəziyyəti sadə olaraq strukturlaşdırsaq aşağıdakı mənzərə ortaya çıxır: Avropaya miqrasiya böhranın həll edilməsi üçün Türkiyə lazımdır, bunun üçün isə birincisi, onunla münasibətləri yenidən normallaşdırmaq, ikincisi isə vizasız rejimində irəliləyiş etmək lazımdır, çünki Türkiyə öz mövqeyində haqlı olaraq sərt dayanıb. İndi məlum olub ki, Avropa İttifaqında Türkiyə ilə razılaşmaya əməl edilməsi tərəfdarları var və onların təklifləri artıq tələblərə bənzəyir, çünki Avropa İttifaqı indi çox gücsüz vəziyyətdədir. Yəni Böyük Britaniyanın Avropa İttifaqından çıxışı Aİ-də real islahatların aparılması tərəfdarlarının mövqelərini kəskin gücləndirib. Polşanın baş naziri bəyan edib ki, sammitdə müzakirələr zamanı Polşanın mövqe dəqiq bəyan edilib: “İttifaq islahatlar prosesində hər hansı cəsarətli qərarların qəbul edilməsindən qorxmamalıdır. Bundan başqa həmin prosesin başlanğıcında hər hansı qadağa edilmiş mövzular olmamalıdır, İttifaqın problemini təşkil edən hər şey barəsində açıq danışılmalı və müxtəlif həll edilmə yolları müzakirə edilməlidir, hətta burada Avropa sazişləri mövzusunda da hər hansı tabu olmamalıdır”. Sadə desək, əgər problemlərin həll edilməsi üçün ciddi islahatların aparılması, əsaslandırıcı prinsiplərin dəyişib təkmilləşdirilməsi tələb olunursa, buna getmək lazımdır”.

Faktiki olaraq, indi Avropa İttifaqının durumu belədir: birlik daxilində o qədər problem var ki, Türkiyəyə qarşı iddia və hansısa tələblər bəzi hallarda gülməli görünür. “Brexit”dən sonra Avropa İttifaqının özünün bir struktur kimi varlığı təhlükə altına düşüb, amma yenə də Aİ köhnə vərdişlə ona-buna tələb irəli sürür, ona-buna struktur dəyişiklər barəsində tövsiyə verir, amma özü belə dəyişikliklərə getməkdən qorxur. Türkiyə ilə vizasız rejimin tətbiq edilməsində gah “hə”, gah yox deyir. Halbuki hamıya aydındır ki, Avropada yeni miqrasiya dalğasının yaranmamasının qarşısını Türkiyə alır. Əgər Türkiyə axının qarşısını almasa, bu dalğa Avropa İttifaqını yer üzündən sel kimi silə bilər. Durum belədir - əgər Polşa kimi ciddi islahatların tərəfdarlarının sözlərinə və təkliflərinə qulaq asmasalar, “Brexit” Avropa İttifaqının süqutunun yalnız başlanğıcı olacaq. Həm də sivil, mədəni başlanğıcı, çünki əgər qaçqınlar səbəbindən İttifaq parçalansa, bu proses belə sivil və mədəni keçməyəcək...

Vahab Rzayev, APA Analitik Mərkəzi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR