Türkiyənin Diyanet İşləri başqanı: “İşğalçı qoşunların zəbt olunmuş torpaqlardan çıxarılmasını tələb etmək Azərbaycanın haqqıdır”

Türkiyənin Diyanet İşləri başqanı: “İşğalçı qoşunların zəbt olunmuş torpaqlardan çıxarılmasını tələb etmək Azərbaycanın haqqıdır”
# 07 aprel 2016 09:24 (UTC +04:00)

Bakı. Mübariz Aslanov-APA. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyətinin İstanbulda Türkiyənin Diyanet İşləri başqanı Mehmet Görməz ilə görüşündə iki ölkə arasında dini-mənəvi sahədə əlaqələr müzakirə edilib. QMİ-dən APA-ya verilən məlumata görə, Türkiyədə törədilmiş terror aktlarının acı nəticələrindən təəssüfləndiyini deyən Allahşükür Paşazadə əminliklə bildirib ki, qardaş türk xalqı bu sınaqdan da mərdliklə çıxacaq və Azərbaycan xalqı həmişə olduğu kimi, öz həmrəyliyini sonadək davam etdirəcək.

Azərbaycandakı dini etiqad azadlığının xalqımızın birliyi üçün əvəzsiz sərvət olduğunu qeyd edən Mehmet Görməz Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətinin ağır nəticələrindən kədərləndiyini qeyd edib. O bildirib ki, işğalçı qoşunların zəbt olunmuş torpaqlardan çıxarılmasını tələb etmək və buna nail olmaq Azərbaycanın hüquqi və mənəvi haqqıdır. Başqan deyib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Dağlıq Qarabağ Azərbaycanındır və nəyin bahasında olursa-olsun geri qaytarılacaq” fikri xalqlarımızı Azərbaycanın ərazi bütövlüyü uğrunda birgə mübarizəyə daha da mətinləşdirib.

Heydər Əliyevin Azərbaycan-Türkiyə qardaşlığına xidmət edən tarixi missiyasından bəhs edən Allahşükür Paşazadə diqqətə çatdırıb ki, bu siyasət prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Görüşdə iki ölkə üçün ümumi təhlükəyə çevrilən separatizmə və terrorçuluğa qarşı mübarizəyə dəstək məsələsində dini qurumlar arasında əlaqələrin daha da genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb. Şeyxülislamın başçılıq etdiyi nümayəndə heyətinə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev və Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR