Bakıda NATO-Azərbaycan münasibətlərinə dair dəyirmi masa keçirilib

Bakıda NATO-Azərbaycan münasibətlərinə dair dəyirmi masa keçirilib
# 15 aprel 2016 15:37 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Bakıda “NATO-Azərbaycan tərəfdaşlığı: münasibətlərdə cari vəziyyət və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib.

Rumıniyanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbirdə NATO ölkələrindən olan səfirlər, hərbi attaşelər və NATO-nun Cənubi Qafqazdakı əlaqələndirici ofisindən olan nümayəndələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çiobanu Cənubi Qafqaz regionunun Şimali Atlantika Alyansı üçün strateji əhəmiyyət daşıdığını qeyd edib. “Bakı NATO-nun vacib və yüksək qiymətləndirdiyi tərəfdaşıdır”, - deyə o vurğulayıb.

11-13 aprel tarixlərində Naxçıvana səfər etdiyini deyən səfir bildirib ki, Muxtar Respublikanın Ali Məclisinin sədri tərəfindən qəbul edilib və Naxçıvan Dövlət Universitetində mühazirələr deyib. Səfir vurğulayıb ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyi üçün vacib əhəmiyyət daşıyır və eyni zamanda yük nəqliyyatı üçün geniş imkanlar açır: “Rumıniya səfirliyi müxtəlif ictimai diplomatiya tədbirlərini təşkil etməklə, NATO-Azərbaycan tərəfdaşlığını davam etdirəcək”.

NATO-nun Cənubi Qafqazdakı əlaqələndirici zabiti Uilyam Layhu isə bu gün Azərbaycan Müdafiə Nazirliyində regiondakı təhlükəsizlik məsələləri ilə bağlı görüş keçirdiyini bildirib.

Sonda tədbir iştirakçıları NATO-Azərbaycan əməkdaşlığı ilə bağlı təcrübələrini bölüşüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR