Sabunçu rayonunda yerləşən dairə ətrafında təmir işləri aparılır

Sabunçu rayonunda yerləşən dairə ətrafında təmir işləri aparılır
# 19 aprel 2016 08:35 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Sabunçu rayonu Rüstəm Rüstəmov və Ramiz Qəmbərov küçələrinin kəsişməsində yerləşən dairədə və dairə ətrafında təmir-bərpa işləri həyata keçirilir.

“Azəravtoyolservis” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, mövcud dairənin diametri kiçildilərək kənarlarında olan köhnə səki daşları sökülərək yeniləri ilə əvəzlənib, dairənin içərisinə qazon otu əkilib.

Dairənin diametrinin kiçildilməsi və yol kənarlarının müəyyən hissələrdə genişləndirilməsi nəticəsində yolun hərəkət hissəsi ümumilikdə 2-5 metr arası genişləndirilib.

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə yol kənarlarında olan mövcud piyada səkiləri bərpa edilərək, 200 kvadratmetr ərazisi asfaltlanıb. Ümumilikdə dairənin və piyada səkilərinin kənarlarına 150 paqonmetr yeni səki daşları düzülüb. Zəruri olan yerlərdə yol əsası qazılaraq çıxarılıb və karbonat materialı tökülərək yenidən kipləşdirilib.

Bundan başqa, dairənin ətrafında olan yolun köhnə asfalt-beton örtüyünün yenilənməsi istiqamətində də işlər aparılacaq. Asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınacaq. Daha sonra isə yolun hərəkət hissəsinin təqribən 7500 kvadratmetr ərazisinə ikiqat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub.

İşlər tərtib olunmuş qrafikə uyğun aparılır və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR