AzMİU-nun tələbələri və müəllimləri Rusiyada mükafatlar qazanıblar

AzMİU-nun tələbələri və müəllimləri Rusiyada mükafatlar qazanıblar
# 27 sentyabr 2016 12:52 (UTC +04:00)

Bakı-APA. Rusiya Federasiyasının Novosibirsk şəhərində MOOCAO-nun xətti ilə Novosibirsk Dövlət Memarlıq, Dizayn və İncəsənət Universitetinin bazasında Memarlıq və dizayn üzrə buraxılış işlərinin 25-ci baxış - müsabiqəsi keçirilib.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 7 ölkənin qatıldığı müsabiqədə 700-dən artıq iş nümayiş olunub. AzMİU-nun Memarlıq fakültəsinin bakalavar və magistr pilləsi üzrə 19 iş təqdim olunub.

Bütün işlər MOOCAO-nun 1-ci və 2-ci dərəcəli diplomlarına layiq görülüb. Bəzi buraxılış və magistr işləri isə Rusiyanın Memarlıq və İnşaat Elmləri Akademiyasının, Moskva Memarlar İttifaqının, Memarlıq və İnşaat Elmləri Akademiyasının Sibir filialının diplomlarını qazanıb. Memarlıq fakültəsinin nümayəndələri tədbir zamanı təşkil olunmuş dərslik və dərs vəsaitlərinin müsabiqəsinə də qatılıb. Müsabiqəyə təqdim olunan 3 dərslik və dərs vəsaiti (prof.R.Əbdülrəhimov –“Memarlıq fizikası”; dos. N.Ağayeva –“ İnteryer qrafikası”; prof.S.Orucov, dos.M.Eynullayeva - “Bədii konstruksiyalaşdırmada bionika”) 1-ci dərəcəli diploma layiq görülüb.

Eyni zamanda AzMİU Novosibirsk Dövlət Memarlıq, Dizayn və İncəsənət Universitetinin təşəkkürnaməsiylə təltif edilib. Çoxillik səmərəli fəaliyyətinə görə müsabiqənin koordinatorları - Memarlıq fakültəsinin dekanı , memarlıq namizədi Zahidə Məmmədova və fakültənin baş müəllimi İlqar Əliyev MOOCAO-nun fəxri diplomlarıyla təltif olunublar. Yekun iclasda müsabiqənin gələn il Yekaterinburq şəhərində Ural Dövlət Memarlıq və Rəssamlıq Universitetinin bazasında keçirilməsi qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR