Azərbaycanda “Elektron hökumət” portalına müraciət edənlərin sayı 2, 5 milyon nəfəri ötüb

Azərbaycanda “Elektron hökumət” portalına  müraciət edənlərin sayı 2, 5  milyon nəfəri ötüb
# 09 oktyabr 2015 09:06 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində “Elektron hökumət” bülleteninin növbəti sayı ilə bağlı brifinq keçirilib.

APA-nın məlumatına görə, Məlumat Hesablama Mərkəzinin direktoru Nail Mərdanov bildirib ki, statistik uçotun aparıldığı tarixdən – 2012-ci ilin dekabrından 2015-ci il sentyabrın 30-a qədər portala 9 milyon 182 min 630 daxilolma qeydə alınıb.

Portala müraciət edənlərin ümumi sayı 2 milyon 502 min 366 nəfərdir. Sentyabr ayında isə portala 315 min 999 daxilolma qeydə alınıb. Portala müraciət edənlərin ümumi sayı isə 110 min 349 nəfər olub. Onların portala sərf etdikləri vaxt ortalama 5 dəqiqə 32 saniyə təşkil edib. Sentyabr ayı ərzində portala müraciət edənlərin 19,9 faizini yeni istifadəçilər, 80,1 faizini isə təkrar müraciət edənlər təşkil edir.

Mərkəzi Seçki Komissiyasının (MSK) Seçkilər İnformasiya Mərkəzinin rəhbəri Rüfət Gülməmmədov bildirib ki, indiyə qədər MSK-nın 10 elektron xidməti “Elektron hökumət” portalına inteqrasiya edilib. Bu elektron xidmətlərdən 7-si daimi fəaliyyət göstərir, 3-ü seçki günü aktivləşdirilir. İndiyə qədər MSK-nın veb-səhifələrinə ümumilikdə 1 milyon 69 mindən artıq, seçici siyahılarına isə 74 min 442 baxış olub.

MSK Katibliyinin Media və ictimai əlaqə şöbəsinin müdiri Şahin Əsədli seçkilərdə aşkarlıq və şəffaflığın təmin olunması üçün seçki prosesini 10 minlərlə yerli və çoxsaylı müşahidəçilər, yerli və xarici KİV-in izləyəcəyini, bununla bərabər 1000 məntəqədə bu seçkidə də veb-kameralar vasitəsi ilə internet üzərindən seçkilərin dünyanın istənilən yerində onlayn izlənəcəyini nəzərə çatdırıb.

Mədəniyyət və Turizm Nazirliyinin Texniki Təchizat və Proqram Təminatı Departamentinin rəis müavini Qabil Abbasov nazirliyin 2012-ci ildən mehmanxana və turizm fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə lisenziyaları elektron formada verdiyini nəzərə çatdırıb: “Nazirliyə lisenziyaların alınması üçün yalnız elektron formada müraciət edilir. Sonda lisenziyanın verilməsi barədə məlumatlar elektron qaydada müraciət edənə təqdim olunur. Bundan sonra lisenziya müraciət edənə ya poçtla göndərilir, ya da nazirlikdə təqdim olunur”.

Nazirliyin “Elektron hökumət” portalı üzərindən təqdim etdiyi elektron xidmətlərin sayının 12-yə çatdığını qeyd edən Q. Abbasov Mədəniyyət və Turizm Nazirliyinin “Elektron hökumət” Elektron arayış bölməsi üzərindən elektron arayışların verilməsinə başladığını da nəzərə çatdırıb: “Məsələn, vətəndaş hər hansı mehmanxana gedən zaman onun lisenziyasının olub-olmadığını buradan öyrənə bilər”.

Q. Abbasov turistlərin London taksilərindən istifadə zamanı marşrutdan asılı olaraq qiymətləri bilmələri üçün müvafiq elektron xidməti də “Elektron hökumət” portalında istifadəyə verildiyini də açıqlayıb: “Gələcəkdə digər taksi şirkətləri müraciət edərsə, bununla bağlı da müvafiq qiymətləri bu elektron xidmətdə yerləşdirə bilərik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR