Caspian European Club vergilər nazirinin müavininin iştirakı ilə biznes forum keçirib

Caspian European Club vergilər nazirinin müavininin iştirakı ilə biznes forum keçirib
# 29 iyun 2016 14:22 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu gün Bakıda Caspian European Club-un növbəti biznes forumu baş tutub.

"APA-Economics"in xəbərinə görə, budəfəki biznes forumun qonağı vergilər nazirinin müavini İlkin Vəliyev olub.

Tədbiri giriş sözü ilə açan Caspian European Club-un baş icraçı direktoru Telman Əliyev bildirib ki, klub 2002-ci ildə yaranıb və yarandığı gündən ona Azərbaycan prezidenti İlham Əliyev sədrlik edir: "Klubun əsas məqsədlərindən biri neft-qaz sektorundan əldə olunan gəlirləri qeyri-neft sektoruna cəlb etmək, dövlət-biznes əlaqələrini inkişaf etdirməkdir. Hazırda klub çərçivəsində bir sıra klublar fəaliyyət göstərir və sahə klubların rəhbərləri hamısı Azərbaycan, habelə regional şirkətlərin rəhbərləridir. Klub tərəfindən təşkil olunan görüşlərdə səsləndirilən təkliflər prezident İlham Əliyevə təqdim edilir. Caspian European Club bundan sonra Vergilər Nazirliyi ilə mütəmadi görüşlər təşkil edəcək. Bu görüşlərdə səsləndirilən təkliflər nəzərə alınacaq".

T. Əliyev vurğulayıb ki, klubun məqsədlərindən biri də bu cür görüşlər təşkil edərək kluba üzv olan özəl şirkətlərin rəhbərləri ilə dövlət qurumlarının rəsmiləri arasında təmas yaratmaqdır, onlara bir-birilərini dinləməyə imkan yaratmaqdır.

Daha sonra çıxış edən İlkin Vəliyev bu görüşə görə, Caspian European Club-a təşəkkür edib. Onun sözlərinə görə, ötən ildən kimik və orta sahibkarlıq subyektlərində demək olar ki, yoxlamalar aparılmır: "2015-ci ilin 5 ayı ilə müqayisədə bu ilin eyni dövründə Vergilər Nazirliyinin sahibkarlıq subyektlərinin fəaliyyəti ilə bağlı apardığı yoxlamaların sayı 2 dəfə azalıb. Amma bu o demək deyil ki, Vergilər Nazirliyi tərəfindən yoxlamalar tam olaraq keçirilməyəcək. Bütün ödəyicilərdə deyil, kimdə vergidən yayınma halı varsa, həmin vergi ödəyicilərində yoxlamalar keçirilməsi planlaşdırılır. Ancaq yenə də ötən illə müqayisədə yoxlamaların sayı əhəmiyyətli dərəcədə az olacaq".

İ. Vəliyev əlavə edib ki, Vergilər Nazirliyi sahibkarlıq subyektləri ilə münasibətlərini partnyorluq əsasında qurmağa çalışır.

Qeyd edək ki, Caspian European Club-un İcraiyyə Komitəsinin qərarına əsasən, İ. Vəliyevə klubun fəxri üzvü seçilib və ona müvafiq sertifikat təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR