Mahir Məmmədov: "Gürcüstan ərazisinin 80%-dən artığını qazlaşdırmaq mümkünsüzdür"

Mahir Məmmədov: "Gürcüstan ərazisinin 80%-dən artığını qazlaşdırmaq mümkünsüzdür"
# 02 oktyabr 2015 13:02 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. SOCAR Gürcüstanın qazlaşdırması ilə bağlı iki böyük proqrama imza atıb.

Bunu "APA-Economics"ə "SOCAR Georgia" (SOCAR-ın törəmə şirkəti) şirkətinin baş direktoru Mahir Məmmədov bildirib.

M. Məmmədov xatırladıb ki, birinci proqram 2008-ci ilin dekabrından etibarən həyata keçirilib: "Bizə dövlətin mülkiyyətində olan və tamamilə bərbad vəziyyətdə, dağılmış bir şəkildə olan 29 təsərrüfat verilib. Orada maliyyə yığımların həcmi 70-71%, itkilər isə 40%-ə yaxın idi. Biz 40 milyon dollar investisiya yatırmalı idik və 150 min əlavə qaz abonentini qazla təchiz etməli idik. Biz 3 il işlədik və 3-cü ilin tamamında bu proqramı tam yerinə yetirdik. Artıq bizim 2012-ci ilin əvvəlinə əlavə 165 min qaz istehlakçımız yaranmışdı. Bizim tərəfdən qoyulan investisiyaların həcmi 100 milyon manatı ötmüşdü".

Şirkət rəhbəri deyib ki, 2012-ci ilin oktyabr ayında seçkilərdə qalib gələn yeni Gürcüstan hakimiyyəti SOCAR-la yeni danışıqlara gedib: "Bu prosesdə Gürcüstan tərəfinin bizdən xahişi ondan ibarət idi ki, qazlaşdırmanı dayandırmayaq. Çünki ölkənin, xüsusilə ucqar ərazilərin buna böyük ehtiyacı var idi. Bununla da, 2014-cü ilin dekabr ayında yeni 3 illik proqram imzalandı. Bu proqram 2017-ci ilin sonunda, 2018-ci ilin əvvəlində başa çatacaq. Proqrama görə, biz abonentlərin sayını 150 mindən 250 minə qaldırmalıyıq. İlkin mərhələdə abonentləri qazlaşdırmaq asandır, lakin son mərhələdə işlər çətinləşir. Gürcüstan ərazisinin dağlıq olması işləri daha da çətinə salır".

M. Məmmədov əlavə edib ki, yuxarıda qeyd olunan birinci proqramın icrasınadək Gürcüstan ərazisində qazlaşma səviyyəsi 50% idisə, proqramın icrasında sonra bu rəqəm 60%-ə qalxıb.

"Hazırda bu göstərici 67% təşkil edir. Biz 250 min abonentin qazlaşdırması üzrə proqramı bitirəndən sonra qazlaşdırmanın real faizi 74-75 olacaq", - deyə M. Məmmədov bildirib.

Onun sözlərinə görə, Gürcüstanda qazlaşdırma səviyyəsini 80%-dək artırmaq olar, lakin bundan artığı mümkünsüzdür: "Çünki, Gürcüstan ərazisinin böyük hissəsi dağlıqdır. Ucqar yerlərdə daha çox alternativ enerji mənbələrindən istifadə edilir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR