Ölkədə istehsal olunan ərzaq buğdası ilə bağlı müşavirə keçirilib

Ölkədə istehsal olunan ərzaq buğdası ilə bağlı müşavirə keçirilib
# 19 fevral 2016 15:37 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Kənd Təsərrüfatı Nazirliyində (KTN) “Respublikada istehsal olunan ərzaqlıq buğdanın tədarükü, saxlanması, emalı və istifadəsi ilə bağlı mövcud problemlər və həlli yolları” mövzusunda müşavirə keçirilib

KTN-dən “APA-Economics”ə verilən məlumata görə, müşavirədə aidiyyəti dövlət orqanlarının, Dövlət Taxıl Fondunun, alimlərin, ekspertlərin, iri taxıl istehsalçılarının, tədarükçülərin, dəyirmanların, çörəkbişirmə və makaron istehsalı müəssisələrinin nümayəndələri iştirak edib.

Müşavirəni giriş sözü ilə açan nazir müavini İlham Quliyev ölkədə aparılan institutisional islahatlar barədə geniş məlumat verib və kənd təsərrüfatının qarşısında duran əsas vəzifənin ölkəni ərzaq məhsulları ilə təmin etməkdən, ixracyönümlü, rəqabətqabiliyyətli məhsul istehsalından ibarət olduğunu vurğulayıb.

Nazirliyin Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov “Respublikada istehsal olunan ərzaqlıq buğdanın tədarükü, saxlanması, emalı və istifadəsi ilə bağlı mövcud problemlər və həlli yolları” mövzusunda təqdimat edib.

Müzakirələrdə qeyd edilib ki, yumşaq və bərk buğda bitkisi dənli taxıl bitkiləri arasında respublikamızda becərilən ənənəvi kənd təsərrüfatı bitkilərindən hesab olunur. Xaricdən introduksiya olunaraq rayonlaşdırılmış sortlarla yanaşı, Əkinçilik Elmi Tədqiqat İnstitutunda alimlər tərəfindən qiymətli təsərrüfat xüsusiyyətləri ilə səciyyələnən çoxlu sayda buğda sortları yaradılaraq rayonlaşdırılmış və respublikamızın təsərrüfatlarında geniş sahələrdə becərilir.

Bildirilib ki, hazırda mülkiyyətçilər tərəfindən əsasən respublikanın bölgələrinin torpaq-iqlim şəraitinə uyğun rayonlaşdırılmış, məhsuldar buğda sortları becərilir ki, bu sortların da məhsulu yüksək çörəkbişirmə keyfiyyətinə malikdir. Həmin sortlar arasında qiymətli bərk buğda sortları da mövcuddur. Hazırda bərk buğda sortlarından “Mirbəşir-50”, “Qaraqılçıq 2”, “Tərtər”, “Vüqar”, “Şiraslan 23”, “Tərtər 2”, “Yaqut”, “Bərəkətli 95”, “Turan”, “Əlincə 84”, “Qarabağ” respublikanın müxtəlif ərazilərində əkilib becərilir.

Tədbirdə Əkinçilik Elmi Tədqiqat İnstitutunun müvafiq laboratoriyasında yerli buğda sortlarının unundan və idxal olunmuş buğda unlarından bişirilmiş çörəklər və onların keyfiyyət göstəriciləri əyani olaraq nümayiş etdirilib.

Tədbirdə iştirak edən tədarükçülərin, dəyirmanların, çörəkbişirmə və makaron istehsalı müəssisələrinin nümayəndələrinə ölkədə istehsal olunan ərzaq buğdasından istifadə etmələri tövsiyə olunub, bunun da yerli istehsalçıların maraqlarını qorumaqla ölkədən valyuta axınının qarşısının alınmasına xidmət edəcəyi vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR