Milli Məclisin nümayəndə heyətinin Avstraliyaya ilk rəsmi səfəri baş tutub

Milli Məclisin nümayəndə heyətinin Avstraliyaya ilk rəsmi səfəri baş tutub
# 16 sentyabr 2015 13:06 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Milli Məclisin üzvü Xanlar Fətiyevin başçılıq etdiyi Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupundan ibarət nümayəndə heyətinin Avstraliyaya ilk rəsmi səfəri çərçivəsində Avstraliya Senatının prezidenti Stiven Perri ilə görüşü keçirilib.

Azərbaycanın Avstraliyadakı səfirliyindən APA-ya verilən məlumata görə, sentyabrın 14-də Kanberrada baş tutan görüşdə parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsi, dostluq qrupları arasında sıx əməkdaşlığın əhəmiyyəti vurğulanıb, habelə iqtisadiyyat, ticarət, sosial və humanitar sahələrdə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

Qarşı tərəf Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, bir milyonadək azərbaycanlının qaçqın və məcburi köçkün düşməsi, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesi barədə məlumatlandırılıb. S. Perri Milli Məclisin sədri Oqtay Əsədovun səfər dəvətini qəbul edib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

Həmin gün Azərbaycan nümayəndə heyətinin Avstraliya parlamentinin iqtisadiyyat komitəsinin sədri Con Aleksandrla görüşü baş tutub. Görüş zamanı iki ölkə arasında qarşılıqlı iqtisadi əlaqələrin genişləndirilməsi mövzusunda fikir mübadiləsi aparılıb.

Daha bir görüş Parlamentin sənaye və kənd təsərrüfatı komitəsinin sədri Rouen Ramzeylə keçirilib. Görüş zamanı hər iki ölkənin iqtisadiyyatı üçün ənənəvi olan kənd təsərrüfatı sahəsində qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib.

Sentyabrın 15-də “Avstraliya Universitetlər Birliyi”nin rəhbərliyi ilə keçirilmiş görüş zamanı iki ölkə universitetləri arasında əməkdaşlıq əlaqələrinin qurulması, tələbə-müəllim heyətinin qarşılıqlı mübadiləsi məsələləri müzakirə olunub. Nümayəndə heyətinin iştirakı ilə dünyanın ən yüksək reytinqli 20 universitetindən biri hesab olunan Avstraliya Milli Universitetinin kitabxanasında səfirliyin təşkilatçılığı ilə Azərbaycana həsr olunmuş güşənin açılışı olub. X. Fətiyev tərəfindən kitabxanaya Azərbaycanla bağlı kitablar hədiyyə edilib.

Avstraliya Federal Parlamentinin nümayəndələr palatasının spikeri Toni Smit də Azərbaycan nümayəndə heyətini qəbul edib. Görüş zamanı iki ölkə parlamentləri arasında əməkdaşlığın dərinləşdirilməsi, iqtisadi-ticarət, humanitar və təhlükəsizlik məsələləri müzakirə olunub. T. Smit Milli Məclisin sədri O. Əsədovun Azərbaycana səfər dəvətini məmnuniyyətlə qəbul edib.

Sentyabrın 16-da Avstraliya Federal Parlamentinin üzvü və eyni zamanda parlamentin kəşfiyyat və təhlükəsizlik birgə komitəsinin sədri olan Dan Tehanla görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması, Azərbaycanın qlobal sülhün qorunması məqsədilə həyata keçirilən beynəlxalq antiterror əməliyyatlarda iştirakı barədə məlumat qarşı tərəfin diqqətinə çatdırılıb.

Qeyd edək ki, bütün görüşlərdə Azərbaycanın Avstraliyadakı səfiri R. Cəmşidov iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR