DGK rəsmisi Manilada təqdimatla çıxış edib

DGK rəsmisi Manilada təqdimatla çıxış edib
# 30 sentyabr 2016 09:47 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Filippinin Manila şəhərində Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Gömrük sahəsində Akademik Araşdırma və İnkişaf üzrə Tərəfdaşlıq Proqramının (PICARD) növbəti 11-ci illik Konfransında Dövlət Gömrük Komitəsinin (DGK) Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev “Elektron gömrüyün inkişaf etdirilməsi üçün layihələrin idarə olunmasının əsas prinsipləri” mövzusunda təqdimatla çıxış edib.

Komitənin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, İ. Babayev təqdimat zamanı innovasiya layihələrini gömrük sistemində tətbiq etmək üçün 4 əsas prinsipin - infrastrukturun inkişafı, biznes prosesin modernləşdirilməsi, potensialın gücləndirilməsi, metodologiyanın tətbiqinin vacibliyini vurğulayıb. İdarə rəisi təqdimatın əsas fəlsəfəsini belə açıqlayıb: “Yeniliyə aparan yol köhnə ilə vidalaşmaqdan keçir”.

Daha sonra İ. Babayev İnformasiya Kommunikasiya Texnologiyalarının Azərbaycan gömrüyündə tətbiqindən bəhs edərək, DGK-nın “Hədəf” mərkəzi, VAİS sistemi, Elektron bəyanetmə və digər nailiyyətlər barədə məlumat verib.

Təqdimatın sonunda sualları cavablandıran İ. Babayev innovasiya layihələrinin tətbiqi ilə birlikdə qısa zaman kəsiyində 1100 kiloqramdan artıq heroinin gömrükçülər tərəfindən aşkar edilərək Avropaya daşınmasının qarşısının alındığını, qiymətlərin idarə olunması, tarif sisteminin həyata keçirilməsində mühüm nailiyyətlərin əldə edildiyini diqqətə çatdırıb.

Konfrans çərçivəsində İ. Babayev “Rəqəmsal Gömrük” panelində də iştirak edib. Paneldə elektron gömrüklə bağlı məsələlər müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR