Şəxsi heyətlə iş üzrə komandir müavinlərinin toplantısı başlayıb

Şəxsi heyətlə iş üzrə komandir müavinlərinin toplantısı başlayıb
# 27 yanvar 2016 14:10 (UTC +04:00)

Bakı-APA. Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən birlik, birləşmə və hərbi hissə komandirlərinin, xüsusi təyinatlı təhsil müəssisələri rəislərinin şəxsi heyətlə iş üzrə müavinlərinin toplantısı keçirilir.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, tədbirdə nazirliyin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev geniş məruzə ilə çıxış edib. Silahlı Qüvvələrdə şəxsi heyətin mənəvi-psixoloji hazırlığı işinin təşkili ilə bağlı fikirlərini bildirən idarə rəisi müdafiə nazirinin daim bu sahəyə diqqət yetirdiyini, bu işin təşkilində manqa komandirlərinin hazırlığına önəm yetirilməsinin zəruriliyini vurğulayıb. O, mənəvi-psixoloji hazırlığın orduda döyüş hazırlığının vacib tərkib hissəsi olduğunu və bu səbəbdən də yeni üsullarla işləməyin tələb edildiyini toplantı iştirakçılarına bir daha xatırladıb.

Zabitlərin qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirməsi üçün bu cür tədbirlərin daha işgüzar şəraitdə keçirilməsinin vacibliyi qeyd olunaraq xüsusi vurğulanıb ki, şəxsi heyətin hərbi intizama daha ciddi riayət etməsi ordunun döyüş qabiliyyətinin möhkəmlənməsində ən zəruri amillərdəndir. Buna görə də hərbi xidmət məhz həmin meyarlar əsasında qurulur.

Müdafiə nazirinin müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev çıxışında toplantı iştirakçılarının diqqətinə qarşıda duran vəzifələri çatdırıb.

Baş prokurorunun müavini – Respublika hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev dünyada baş verən qlobal hadisələrdən söz açaraq hərbi cinayətlərdən, onların təsnifatından, törədilməsinə səbəb ola bilən amillərdən və həyata keçirilən hüquqi-profilaktik tədbirlərdən danışıb, toplantı iştirakçılarının suallarını cavablandırıb.

Təlim-metodiki toplantı davam edir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR