XİN: Latın Amerikası ölkələri Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir

XİN: Latın Amerikası ölkələri Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir
# 12 oktyabr 2015 12:14 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib.

O bildirib ki, Azərbaycan prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin sosial iqtisadi nəticələrinə dair keçirilən iclasda Latın Amerikası ölkələri ilə əlaqələrimizin daha intensiv xarakter alması, siyasi və iqtisadi maraqların olduğu qeyd edilib: “Hazırda Latın Amerikası ölkələri siyasi, iqtisadi və demoqrafik baxımdan mühüm əhəmiyyət kəsb edir. Həm fərdi, həm də regional əsasda mühüm rol oynayır”.

H. Hacıyev qeyd edib ki, Argentina, Braziliya və Uruqvayda mütəşəkkil erməni icması fəaliyyət göstərir: “Onlar daxili siyasətə təsir edə biləcək gücə malikdir. 1989-1996-ci illərdə erməni lobbisi və diaspor təşkilatlarının səyi nəticəsində bu ölkələrin parlamentlərində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 5 sənəd qəbul edilib. Sonra Azərbaycan diplomatiyasının səyi ilə bu kimi təşəbbüslərin qarşısı alınıb. Son 5 ildə münasibətlərdə dinamik inkişaf var. Kuba, Meksika və Argentinada Azərbaycanın səfirlikləri açılıb. Bu səfirliklər demək olar ki, Latın Amerikasının bir çox ölkələrini əhatə edir”.

H. Hacıyevin sözlərinə görə, Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçiləndə, Latın Amerikası ölkələrinin dəstəyini qazanıb. O qeyd edib ki, ticarət və iqtisadi əməkdaşlıq əlaqələrdə mühüm əhəmiyyət kəsb edir: “Xarici ticarət dövriyyəsi 300 milyon dollardır. Bunun əsas hissəsi Braziliya ilə ticarət əlaqələrinə aiddir. Azərbaycanla bu ölkələrin münasibətlərinin siyasi ruhuna uyğun olaraq iqtisadi əlaqələrin inkişafına böyük potensial var”.

H. Hacıyev onu da əlavə edib ki, Xocalı soyqırımı və Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı Kolumbiya, Peru, Panama, Honduras, Paraqvay və Qvatemala parlamentlərində müvafiq sənədlər qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR