Ombudsman nümayəndələri Şəki Penitensiar Kompleksinə baş çəkiblər

Ombudsman nümayəndələri Şəki Penitensiar Kompleksinə baş çəkiblər
# 20 aprel 2016 16:42 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şəki Penitensiar Kompleksinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirib.

Ombudsman Aparatından APA-ya verilən məlumata görə, başçəkmədə məqsəd həbs və məhkum olunmuş şəxslərin müəssisədə saxlanılma şəraiti, onlarla rəftar məsələlərinin, müraciətlərin araşdırılması, hüquqlarının təmin olunması, o cümlədən müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

Başçəkmə zamanı müəssisədə saxlanılan təqsirləndirilən və cəza çəkən məhkum olunmuş şəxslərlə rəftara dair müəssisə rəhbərliyi və xidmət əməkdaşları ilə maarifləndirici söhbətlər aparılıb, saxlanılma şəraiti, qidalanma, ərzaq təminatı araşdırılıb, müəssisənin yeməkxanası, kameraları, müvafiq yataqxana korpuslarına, istehsalat sahəsinə, eləcə də istintaq, məhkəmə, telefon otaqları və digər obyektlərinə baxış keçirilib.

Başçəkmə çərçivəsində qəbul edilmiş şəxslər müəssisə əməkdaşlarının onlarla rəftarından narazılıq etməyib, müraciətləri dinlənilib, hər birinə qaldırdıqları məsələlərə dair hüquqi məsləhətlər verilib, sənədləri araşdırılıb, onlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri izah olunub.

Yekunda müvəkkil bu müəssisədə cəza çəkən məhkumlar qarşısında çıxış edib, dövlətin məhkumlara qayğısı, yaradılmış şərait, hüquqlarının müdafiəsi, Ombudsmanın səlahiyyətləri haqqında məlumat verib, vətənpərvərlik ruhunda tərbiyəvi söhbətlər aparıb, onlara cinayətkarlıqdan uzaq olmaları, müəssisənin daxili intizam qaydalarına uyğun davranış nümayiş etdirmələri istiqamətində tövsiyələrini verib.

Başçəkmənin nəticəsi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR