Azərbaycan çempionatında 8 klubun iştirak edəcəyi təsdiqlənib

Azərbaycan çempionatında 8 klubun iştirak edəcəyi təsdiqlənib
# 13 iyun 2016 09:12 (UTC +04:00)

Bakı – APA. “Birinci diviziondan heç bir kluba lisenziya verilmədi. Bunun üçün bank təminatı lazımdı. Bu tələbə isə heç biri cavab vermədi”. Apasport.az saytının məlumatına görə, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev deyib.

Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin (İK) iclası keçirilib. Toplantının əsas müzakirə mövzusu Topaz Premyer Liqasının 2016/2017 mövsümündə neçə komandanın iştirak edəcəyi ilə bağlı olub.

İK üzvləri iyunun 7-də keçirilən toplantıdan sonra 8 komanda - “Qarabağ”, “Qəbələ”, “İnter”, “Neftçi”, “Zirə”, AZAL, “Kəpəz” və “Sumqayıt”ın lisenziya şərtlərinə cavab verdiyini bildirmişdilər. Bununla belə, həmin iclasda iştirakçıların sayının hələ tam dəqiqləşmədiyi qeyd olunmuşdu. Bildirilmişdi ki, 8 komandadan başqa heç bir kluba lisenziya verilməsə, çempionat elə bu sayda komandanın iştirakı ilə 4 dövrəli sistem üzrə keçiriləcək.

Bu gün yenidən toplaşan İK üzvlərinin iclasından sonra AFFA prezidenti Rövnəq Abdullayev jurnalistlərin suallarını cavablandırıb. O bildirib ki, ölkə çempionatının növbəti mövsümündə 8 komandanın iştirak edəcəyi dəqiqləşib: “İclasda “Xəzər Lənkəran” və “Rəvan”ın da məsələsinə baxıldı. Onların böyük miqdarda cərimələri olduğu üçün Premyer Liqada saxlanılmaları qeyri-mümkündü. Əks təqdirdə, AFFA da FİFA tərəfindən cəzalandırıla bilər. Beləliklə, qərara alındı ki, çempionat müvəqqəti olaraq 8 komandanın iştirakı ilə keçirilsin. Ancaq baş katibliyə tapşırıq verdik ki, gələn ilə Premyer Liqa üçün 4 komanda hazır olsun. Yəni, 2017/2018 mövsümündə çempionat 10, imkan olsa 12 komandanın iştirakı ilə keçirilsin”.

Abdullayev iclasda müzakirə olunan digər məsələlərə də toxunub: “Qərar alındı ki, legioner rüsumu 5 min manata salınsın. Milli üzvləri olan legionerlər üçün isə çempionatda iştirak pulsuz olacaq. Bunu ona görə etdik ki, klublar daha səviyyəli legionerlər gətirsinlər. Eyni zamanda qərara alındı ki, PFL tərəfindən tətbiq olunan cərimələr 20 faiz azaldılsın”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR