İmişlidə ABŞ hökumətinin dəstəyi ilə süd toplama məntəqəsi inşa olunub

İmişlidə ABŞ hökumətinin dəstəyi ilə süd toplama məntəqəsi inşa olunub
# 10 fevral 2016 13:14 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Bu gün İmişli rayonunda süd toplama məntəqəsinin inşası layihəsinin başa çatması ilə əlaqədar mərasim keçirilib.

ABŞ-ın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, mərasimdə rayonun Oruclu, Ağaməmmədli və Cəfərli kəndlərinin sakinləri, yerli icra hakimiyyəti və bələdiyyə nümayəndələri, İqtisadiyyat Nazirliyinin rəsmiləri və ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta iştirak ediblər.

R. Sekuta çıxışı zamanı süd toplama məntəqəsinin inşasının əməkdaşlığın nəticəsi olduğunu bildirib: “Bu üç icma öz prioritetlərini müəyyən etmək, plan hazırlamaq və həmin planı icra etmək məqsədilə saatlarla bələdiyyə və yerli icra hakimiyyəti nümayəndələri ilə çiyin-çiyinə işləyiblər. Oruclu, Ağaməmmədli və Cəfərli camaatı hökumət orqanları ilə birgə işləyərək nəyə nail ola biləcəklərinin şahidi oldular”.

Məntəqənin inşası ABŞ və Azərbaycan hökumətləri tərəfindən birgə maliyyələşdirilib, yerli qeyri-hökumət təşkilatı olan ÜMİD tərəfindən icra olunub.

Süd toplama məntəqəsinin inşasının əsas məqsədi həmin üç kənddən olan kiçik və fərdi təsərrüfatlardan süd toplamaq, saxlamaq və süd emalı müəssisələrinə satmaqdır. Bununla da istehsalçıların stabil və daha yüksək gəliri təmin olunacaq. Məntəqə süd istehsalçılarından toplanan südün keyfiyyətini analiz etmək üçün laboratoriya avadanlığı ilə təmin edilib. Bu, icmaların iqtisadi rifahının yaxşılaşdırılmasına töhfə verəcək, habelə süd istehsalçıları və rayondakı süd emalı müəssisəsi arasında ticarət əlaqələrinin yaranmasına kömək edəcək. Yeni məntəqə həmin kəndlərdə yaşayan 1200-dən artıq insanın həyat şəraitini və gəlir imkanlarını yaxşılaşdıracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR