İqtisadiyyat naziri Saatlıda vətəndaşları qəbul edib

İqtisadiyyat naziri Saatlıda vətəndaşları qəbul edib
# 22 yanvar 2016 11:52 (UTC +04:00)

Saatlı. Əlibəy Zeynallı-APA. İqtisadiyyat naziri Şahin Mustafayev Saatlıda İmişli, Saatlı və Sabirabad rayonlarından olan vətəndaşları qəbul edib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri nazir tərəfindən diqqətlə dinlənilib, bir sıra müraciətlər yerindəcə həllini tapıb, qaldırılan digər mәsәlәlәrin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün konkret tapşırıqlar verilib.

Qəbula gələn vətəndaşlar əsasən sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, istehsal və emal sahələrinin, suvarma infrastrukturunun yaradılması, müvəkkil kredit təşkilatı kimi Sahibkarlığa Kömək Milli Fondu ilə əməkdaşlıq, meyvə emalı və meyvə konsentratı istehsalının təşkili, iri fermer təsərrüfatlarının yaradılması üçün torpaq sahələrinin ayrılması, sosial və s. məsələlərlə əlaqədar müraciət edilib.

Eyni zamanda, qəbulda iştirak edən sahibkarlarla müzakirələr aparılmış, onların heyvandarlıq, quşçuluq, pambıq istehsalı və emalı, istixana təsərrüfatının yaradılması, çörək və qənnadı məhsullarının istehsalı, mebel istehsalı və s. sahələr üzrə təklifləri dinlənilmiş, müvafiq sahələr üzrə investisiya layihələrinin hazırlanmasına dəstək göstərilməsi və güzəştli kreditlər hesabına maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib. Qəbulda iştirak edən sahibkarlar lisenziyalaşdırma sahəsində inzibati prosedurların sadələşdirilməsi, sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılması, qeyri-neft məhsullarının ixracının stimullaşdırılması sahəsində atılan addımları böyük razılıqla qarşılanıb.

Qəbul günü digər rayonlardan olan vətəndaşlar da nazir tərəfindən qəbul edilib, hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşılıb, müraciətlərin operativ həlli üçün qanunvericiliyə uyğun tədbirlər görülüb.

Ümumilikdə, Saatlıda keçirilmiş qəbulda 70-ə yaxın vətəndaş müraciət edib.

Qeyd edək ki, Ş. Mustafayev tərəfindən indiyədək bölgələrdə 34 vətəndaş qəbulu keçirilib, indiyə qədər 1900-ə yaxın vətəndaş müraciət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR