Hadı Rəcəbli: “Azərbaycanda üçulduzlu, ikiulduzlu otellərə üstünlük verilməlidir”

Hadı Rəcəbli: “Azərbaycanda üçulduzlu, ikiulduzlu otellərə üstünlük verilməlidir”
# 08 dekabr 2015 13:45 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib. APA-nın məlumatına görə, iclasda “Azərbaycan Respublikası ilə Argentina Respublikası arasında turizm sahəsində əməkdaşlığa dair” saziş və Əmək Məcəlləsinə dəyişiklik müzakirəyə çıxarılıb.


Əmək Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən sertifikasiya zamanı praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərə onlara aid olmayan sualların verilməsi qadağandır.

Sazişin müzakirəsi zamanı komitə sədri Hadı Rəcəbli bildirib ki, artıq iqtisadiyyatı neft üzərində qurmaq dövrü keçib, əlavə gəlir mənbələrinin tapılması vacibdir: “Bu məsələdə dəfələrlə vurğuladığımız kimi, turizmin önəmi üzə çıxır. Azərbaycanda turizm üçün böyük potensial var. Amma bəzi səbəblərdən turizmin istənilən səviyyədə inkişafı mümkün olmur. Ölkə prezidentinin də dediyi kimi, Azərbaycanda dördulduzlu, beşulduzlu otellərə ehtiyac yoxdur, daha çox üçulduzlu, ikiulduzlu otellər olmalıdır. Mərmər döşəmələr, divara vurulan mərmər örtüklər turistlərin nəyinə lazımdır, onlar yüksək səviyyədə xidmət gözləyir. Həmçinin, buraya daha ucuz qiymətlərlə gəlişlərinin təmin edilməsi vacibdir”.

Deputat İlham Məmmədov da turizmin önəmini vurğulayıb: “Turizmin inkişafı üçün qiymətlərin aşağı salınması, xüsusilə təyyarə biletlərinin ucuzlaşdırılması lazımdır. Düzdür, arada endirimlər olur, amma bu da kampaniya xarakteri daşıyır. Bu məsələdə kampaniyaçılıq olmaz. Bununla turizmi inkişaf etdirmək mümkün deyil”.

Hər iki layihə plenar iclasa tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR