Avropa Məhkəməsi ötən il Azərbaycanla bağlı 19 şikayət üzrə qərar çıxarıb

Avropa Məhkəməsi ötən il Azərbaycanla bağlı 19 şikayət üzrə qərar çıxarıb
# 28 yanvar 2016 14:14 (UTC +04:00)

Strasburq. Fuad Qulubəyli - APA. Bu gün Strasburqda Avropa İnsan Haqları Məhkəməsində (AİHM) qurumun 2015-ci il üçün illik fəaliyyətinə dair mətbuat konfransı keçirilib.

APA-nın Avropa bürosunun məlumatına görə, tədbirdə qurumun illik hesabatı açıqlanıb. Hesabata əsasən, məhkəmə icraatına götürülmüş şikayətlərin sayı 2014-cü ildə olduğu kimi, ötən il də azalıb. 2014-cü ildə məhkəməyə daxil olmuş 70000-ə yaxın şikayətdən 56250-si, ötən il daxil olan 64850 müraciətdən 40650-si icraata götürülüb.

Hesabatda qeyd olunub ki, məhkəmə ötən il şikayət üzrə daha çox hökumətlərlə kommunikasiya edib. 2014-cü ildə kommunikasiya edilən şikayətlərin sayı 7895 olmuşdusa, ötən il bu rəqəm iki dəfə artmaqla 15965-ə çatıb. Məhkəməyə gələn şikayətlərdən 2441-i barədə qərar verilməsi məqbul sayılıb ki, bu da 2014-cü ilə nisbətən 2% (2388 iş) daha çoxdur. Ötən il daxil olmuş şikayətlərdən 43135-i qəbuledilməz hesab olunaraq icraatdan çıxarılıb. Burada 2014-cü ilə nisbətən 48% azalma müşahidə olunub.

2014-cü ildə olduğu kimi, 2015-ci ildə də AİHM-yə ən çox şikayət ərizəsi Ukraynadan daxil olub. Ötən il Ukraynadan Strasburq məhkəməsinə ümumilikdə 13850 iş gəlib, bu da ümumi olaraq daxil olan şikayətlərin 21,4% təşkil edib. Rusiya 9200 şikayətlə ikinci, Türkiyə isə 8450 şikayətlə üçüncü yerdə gəlir. Azərbaycandan isə 2015-ci ildə 1522 şikayət ərizəsi daxil olub, bu da məhkəməyə gələn şikayətlərin 2,3% təşkil edib.

Ötən il məhkəməyə gələn şikayətlər üzrə çıxarılan qərarların çoxu Avropa İnsan Haqları Konvensiyasının 5-ci (Azadlıq və şəxsi toxunulmazlıq hüququ) və 6-cı (Ədalətli məhkəmə hüququ) maddələrlə əlaqədardır. 2015-ci ildə Strasburq məhkəməsi müxtəlif şikayətlərlə bağlı ümumilikdə qərar verilə biləcək 2441 iş üzrə 823 qərar çıxarıb. 15 965 iş üzrə isə dövlətlərlə kommunikasiya aparılıb.

2015-ci ildə Azərbaycandan daxil olan 1522 şikayətdən 268-i məhkəmə icraatına götürülüb, 123-ü qəbuledilməz hesab olunaraq icraatdan çıxarılıb, 106 iş üzrə Azərbaycan hökuməti ilə kommunikasiya aparılıb, 19 şikayət üzrə qərar çıxarılıb.

AİHM-in 2015-ci il üçün büdcəsi 69 milyon avro təşkil edib. Məhkəmənin 2016-cı ilə olan büdcəsi isə 71 milyona yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR