Ötən il Azərbaycanda 9 qəsdən adam öldürmə və 14 yol nəqliyyat hadisəsi bağlı qalıb

Ötən il Azərbaycanda 9 qəsdən adam öldürmə və 14 yol nəqliyyat hadisəsi bağlı qalıb
# 05 fevral 2016 16:06 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Baş Prokurorluqda respublika törədilən və bağlı qalan cinayət hadisələri müzakirə olunub.

APA-nın məlumatına görə, bu gün Baş Prokurorluqda keçirilən geniş kollegiya iclasında Azərbaycan prezidentinin 26 dekabr 2012-ci il tarixli “Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında” Sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar yol-nəqliyyat hadisələrinin təhqiqatında və istintaqında, açılması təmin edilməmiş ölümlə nəticələnən yol-nəqliyyat hadisələri ilə bağlı əməliyyat-axtarış və istintaq hərəkətlərinin həyata keçirilməsində qanunların icrasına nəzarətin gücləndirilməsi, yol-nəqliyyat hadisələri ilə bağlı aparılan təhqiqat, istintaq və ekspertizalar zamanı korrupsiya və digər sui-istifadə hallarına yol verən şəxslərin məsuliyyətə cəlb edilməsinin təmin olunması ilə bağlı zəruri tədbirlərin görülməsinə dair konkret göstərişlər verilib.

Bildirilib ki, həyata keçirilmiş profilaktiki tədbirlər nəticəsində 2014-cü ilə nisbətən hesabat dövründə qeydə alınmış yol-nəqliyyat hadisələrinin sayı 415 fakt, həmin hadisələr nəticəsində ölənlərin sayı 230 fakt və xəsarət alanların sayı 411 fakt, habelə bağlı qalan hadisələrin sayı 14 fakt azalıb. Ölümlə nəticələnmiş yol-nəqliyyat hadisələrindən 14-ü, o cümlədən Gəncə və Şirvan şəhərləri, Xətai, Hacıqabul, Samux və İmişli rayonlarının hər birində 1, Baş Dövlət Yol polis idarəsinin yol-patrul xidməti alayının xidmət etdiyi ərazidə 6 və Sabunçu rayonu ərazisində isə qeydə alınmış 2 hadisə bağlı qalıb.

Kollegiya iclasında Baş Prokurorluğun əlaqədar struktur qurumları və müvafiq tabe prokurorlar tərəfindən daxili işlər orqanları ilə əlaqəli şəkildə 2015-ci ilin nəticələrinə görə artımı müşahidə olunan cinayətlərin profilaktikası istiqamətində zəruri tədbirlərin görülməsi, eyni zamanda, cəzanın labüdlüyü prinsipinin təmin edilməsi məqsədilə, bağlı qalmış cinayətlərin açılması və təqsirkar şəxslərin layiq olduqları məsuliyyətə cəlb olunması üçün müvafiq tədbirlərin görülməsinin zəruriliyi diqqətə çatdırılıb. 2014-cü illə müqayisədə bağlı qalan qəsdən adam öldürmə cinayətlərinin sayının əhəmiyyətli dərəcədə azalmasına baxmayaraq, Baş Prokurorluğun müvafiq qurumları və əlaqədar tabe prokurorlara tapşırıq verilib ki, hesabat ilinin nəticələrinə görə bağlı qalmış 9 belə cinayətin, o cümlədən Bakı şəhərinin Yasamal və Qaradağ, eləcə də Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Beyləqan, Quba və Şəmkir rayonlarının hər birində 1 fakt olmaqla açılması istiqamətində zəruri tədbirlərin görülməsi təmin edilsin.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR